Tanınmış avstraliyalı həkim və alim Richard Scolyer aqressiv beyin şişi ilə üç illik mübarizədən sonra 59 yaşında vəfat edib.
O, dünyada böyük diqqət çəkmişdi, çünki dostu və həmkarı Georgina Long ilə birlikdə özlərinin dəri xərçəngi sahəsində əldə etdikləri elmi nailiyyətlərə əsaslanan, indiyədək heç vaxt sınaqdan keçirilməmiş eksperimental müalicəni qəbul etmişdi.
Scolyer ölümündən əvvəl yazdığı açıq məktubda belə deyib:
“Ən çətin anlarımda belə insanlara fayda verməyə davam etmək istəyirdim.”
O, məktubunda həyatında sevgi, xoşbəxtlik, optimizm və böyük ehtirasla tanış olduğu hər kəslə vidalaşdığını bildirib.
Avstraliyanın Baş naziri Anthony Albanese onu “ölkənin ən parlaq zəkalarından və ən böyük ürəyə sahib insanlarından biri” adlandırıb.
Dəri xərçənginin müalicəsində inqilabi işlər
Scolyer və Long, Melanoma Institute Australia təşkilatının həmsədrləri kimi immunoterapiya sahəsində mühüm araşdırmalar aparıblar. Bu müalicə üsulu bədənin öz immun sistemindən istifadə edərək xərçəng hüceyrələrinə hücum edir.
Onların araşdırmaları nəticəsində vaxtilə demək olar ki, ölüm hökmü sayılan inkişaf etmiş melanoma xəstələrinin sağalma göstəricisi 10%-dən aşağı səviyyədən təxminən 50%-ə yüksəlib.
Scolyer həmçinin gənc patoloqların yetişdirilməsini karyerasının ən böyük uğurlarından biri hesab edirdi.
O yazırdı:
“Mən həmişə inanmışam ki, hər birimizin gələcəyi dəyişdirmək və dünyanı daha yaxşı bir yerə çevirmək məsuliyyəti var.”
Öz üzərində aparılan ilk təcrübə
2024-cü ildə BBC-yə verdiyi müsahibədə Scolyer bildirmişdi ki, ölüm hökmü kimi görünən diaqnozu qəbul etmək istəməyib.
Onda aşkar edilən Glioblastoma ən aqressiv beyin şişlərindən biridir və bu xəstəliyin standart müalicəsi son 20 ildə demək olar ki, dəyişməyib. Bu tip şişə malik xəstələrin əksəriyyəti bir ildən az yaşayır.
Scolyer isə belə demişdi:
“Mənə uyğun gəlmirdi ki, heç nə etmədən qaçılmaz ölümü qəbul edim. Sağalmaz xərçəngdir? Yox, bununla barışmaq olmaz.”
Bunun nəticəsində o, 2023-cü ildə dünyada ilk dəfə olaraq beyin xərçəngi xəstəsi kimi əməliyyatdan əvvəl kombinə olunmuş immunoterapiya müalicəsi alan insan oldu.
Bundan əlavə, ona şişinin genetik xüsusiyyətlərinə uyğun hazırlanmış fərdi vaksin də tətbiq edildi. Bu vaksin immun sisteminin xərçəng hüceyrələrini daha yaxşı tanımasına kömək etməyi hədəfləyirdi.
Scolyer və Long bilirdilər ki, tam sağalma ehtimalı çox azdır, lakin ümid edirdilər ki, bu üsul həm onun ömrünü uzadacaq, həm də gələcək xəstələr üçün yeni müalicə yollarının açılmasına səbəb olacaq.
Sonrakı beyin müayinələri müsbət immun reaksiyasının yarandığını göstərmiş və hazırda ABŞ-da bu nəticələri təkrarlamaq üçün erkən mərhələli klinik sınaqlar aparılır.
Son mesajı
Richard Scolyer həyat yoldaşı, patoloq Katie Nicholl, və üç övladı ilə vidalaşıb.
O, insanlara göstərdikləri sevgi və dəstəyə görə təşəkkür edərək yazıb:
“Siz mənimlə birlikdə güldünüz, ağladınız və ən çox ehtiyac duyduğum anlarda mənə güc verdiniz. Mən yaşadıqlarımı olduğu kimi paylaşdım və buna imkan verdiyiniz üçün sizə səmimi qəlbdən təşəkkür edirəm.”
Məktubunun sonunda isə alimlərə və hökumətlərə müraciət edib:
“Xərçənglə mübarizədə irəliləyiş əldə etmək üçün cəsarətli olmalı, suallar verməli və yeniliklərə sərmayə qoymağa davam etməliyik.”
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

