2026-cı il FIFA Dünya Kubokunun 1/4 final mərhələsində Fransa millisi Mərakeşi 2:0 hesabı ilə məğlub edərək turnirin ilk yarımfinalçısı olub.
Oyuna sürətli başlayan Fransa ilk hissədə bir neçə təhlükəli qol imkanı yaratdı və penalti də qazandı. Lakin Mərakeşin qapıçısı Yasin Bunu möhtəşəm çıxışı ilə rəqibin bütün cəhdlərini boşa çıxardı. Mərakeş isə ilk hissədə əsasən Talbinin yaratdığı təhlükə ilə yadda qaldı.
25-ci dəqiqədə Kilian Mbappe cərimə meydançasında Mazraouinin müdaxiləsi nəticəsində yerə yıxıldı və hakim penalti təyin etdi. Lakin 28-ci dəqiqədə Mbappenin zərbəsini Bunu dəf edərək hesabın açılmasına imkan vermədi.
Fransa ikinci hissədə üstünlüyünü qola çevirdi. 60-cı dəqiqədə Duenin ötürməsindən sonra Mbappe cərimə meydançasının sol cinahından dəqiq zərbə ilə hesabı açdı – 1:0.
66-cı dəqiqədə Mbappenin ötürməsini qiymətləndirən Usman Dembele topu qapıdan keçirərək fərqi artırdı – 2:0.
Mərakeş ikinci hissədə də bir neçə təhlükəli hücum təşkil etsə də, Fransa qapıçısı Mayk Menyan etibarlı oyun nümayiş etdirdi və hesab dəyişmədi.
Bu qələbə sayəsində Fransa yarımfinala yüksələn ilk komanda oldu. Fransa iyulun 14-də Dallasda keçiriləcək yarımfinalda İspaniya–Belçika cütünün qalibi ilə qarşılaşacaq.
Oyunun diqqətçəkən məqamları
Mbappenin penalti zərbəsindən əvvəl VAR yoxlaması 3 dəqiqə 10 saniyə davam edib və azarkeşlərin narazılığına səbəb olub.
Mərakeşin qapıçısı Yasin Bunu Dünya Kubokunda indiyədək qapısına təyin olunan 9 penaltidən cəmi 2-də qol buraxıb, 4-nü isə dəf edib.
Kilian Mbappe 27 yaş 201 günlük olarkən Dünya Kuboku tarixində 20 oyuna çıxan ən gənc futbolçu rekordunu qırıb.
Mbappe turnirdəki qol sayını 8-ə, Dünya Kubokları tarixində isə ümumi qol sayını 20-yə çatdıraraq Lionel Messinin rekorduna (21 qol) bir addım yaxınlaşıb.
Fransa 2018, 2022 və 2026-cı illərdə ardıcıl olaraq Dünya Kubokunun yarımfinalına yüksələn tarixdə üçüncü milli komanda olub.
Mərakeşin turnirdən kənarlaşması ilə Dünya Kubokunda Afrika qitəsini təmsil edən komanda qalmayıb.
Mərakeş millisinin 34 oyunluq məğlubiyyətsizlik seriyası Fransa qarşısında başa çatıb.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
