İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Müsahibə Xəbərlər

Dövlət–cəmiyyət–insan münasibətləri: Vüqar İskəndərlinin konseptual baxışı

Müasir dövrdə cəmiyyətin sosial rifahının qorunması, dəyərlər sisteminin möhkəmləndirilməsi və fərdi inkişafın düzgün istiqamətləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Qloballaşan dünyanın yaratdığı siyasi, iqtisadi və sosial çağırışlar fonunda bu məsələlər daha da aktuallaşır. Azərbaycan dövləti isə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət sayəsində həm sosial təminatın gücləndirilməsi, həm də dayanıqlı inkişafın təmin olunması istiqamətində mühüm addımlar atır.

Milli  Məclisin deputatı, dəyərli Millət Vəkili  Vüqar İskəndərli ilə müsahibəmizdə məhz bu mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Deputat müsahibədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər, dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin artımı, qeyri-neft sektorunun inkişafı, gənclərin əmək bazarına adaptasiyası kimi mühüm məsələlərə toxunur. Bununla yanaşı, Vüqar İskəndərli zamanla möhkəmlənən dəyərlər, uğurlu karyeranın əsas şərtləri, güvən anlayışı və uğur yolunda qarşıya çıxan mənəvi sınaqlarla bağlı da düşüncələrini bölüşür.

Gundelik.az oxucularına təqdim etdiyimiz bu müsahibə həm sosial-iqtisadi proseslərə baxış, həm də insanı formalaşdıran dəyərlər prizmasından maraqlı və düşündürücü məqamlarla yadda qalır.

– Vüqar müəllim, bu il əhalinin sosial vəziyyəti ilə bağlı müsbət qərarların verilməsi ehtimalı varmı?

–   Azərbaycan xalqı tarixən zəngin milli və mənəvi dəyərlərə sahib olub. Bu gün isə dünya miqyasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə ciddi çağırışların yaşandığını açıq şəkildə müşahidə edirik. Qloballaşan dünyada müharibələr, terror təhlükələri, iqtisadi kataklizmlər və digər risklər beynəlxalq gündəmin əsas mövzularına çevrilib.

Belə bir şəraitdə ölkəmizin hərtərəfli inkişafı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, ardıcıl və uzaqgörən daxili və xarici siyasətinin nəticəsi olaraq Azərbaycan bu gün sürətlə inkişaf edən, nümunəvi dövlətlərdən biri kimi tanınır. Azərbaycan sosial yönümlü dövlətdir və əhalinin sosial rifahının yaxşılaşdırılması daim prioritet istiqamət olaraq qalır.

2026-cı il dövlət büdcəsinə nəzər saldıqda sosial sahəyə ayrılan vəsaitin artdığını görürük. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, büdcə gəlirlərində qeyri-neft və qaz sektorunun payı 57,4 faizə çatıb. Bu fakt onu göstərir ki, dövlət gələcək büdcə formalaşmasında neft-qaz gəlirlərindən asılılığın azaldılmasını, vergi, gömrük və digər sahələrdən əldə olunan gəlirlərin artırılmasını strateji hədəf kimi müəyyənləşdirib.

Paralel olaraq əhalinin əməkhaqlarının, pensiyaların və sosial təqaüdlərin artırılması istiqamətində də ardıcıl siyasət həyata keçirilir və bu siyasət davam etdirilməlidir. Çünki son illər qlobal iqtisadi proseslər qiymət artımlarına səbəb olub və idxaldan asılı olan məhsulların bahalaşması əhalinin gündəlik həyatında da hiss olunur. Dövlətin əsas vəzifəsi bu risklərin qarşısını vaxtında almaq, sosial mexanizmlərlə xüsusilə azgəlirli təbəqənin sosial dayanıqlığını təmin etməkdir.

Eyni zamanda yeni iş yerlərinin yaradılması, xüsusilə gənclər arasında işsizliyin azaldılması mühüm əhəmiyyət daşıyır. Zamanla bəzi peşələr aktuallığını itirir, yeni sahələr formalaşır. Gənclər də əmək bazarının gələcək tələblərinə uyğun sahələrə yönəlməlidir ki, gələcəkdə öz mövqelərini möhkəmləndirə bilsinlər.

– Zaman keçdikcə sizin üçün hansı dəyər daha da möhkəmlənib?

– Zaman özü böyük bir məktəbdir. İnsan yaşadıqca zaman ona çox həqiqətləri öyrədir. Oxuduqlarımız, filosofların və dahilərin söylədiyi fikirlər bəzən nəzəri baxımdan gözəl səslənsə də, real həyatda fərqli şəkildə təzahür edə bilir.

Mənim üçün zamanla daha da möhkəmlənən əsas dəyər insanlıq anlayışıdır. İnsan hər yaxşılığın qarşılığını mütləq alacağını düşünməməlidir. Bəzən yaxşılığa qarşılıq olaraq çətinliklərlə də üzləşmək mümkündür. Hər kəs adam kimi doğulur, lakin hər kəs insan kimi yaşayıb ölə bilmir. Dünya tarix boyu məhz həqiqi insanların çiyinləri üzərində dayanıb.

Yaxşı insan olmaq çətindir, məşəqqətlidir. Bu yol çox vaxt zərbələr, anlaşılmazlıqlar və sınaqlarla doludur. Lakin əgər bu zərbələr insanı sındırmırsa, əksinə gücləndirirsə, deməli doğru yoldadır. Yaxşılıq həyat və davranış normasına çevrilməlidir. Yalnız xoş sözlər demək kifayət deyil; insanın dedikləri, yazdıqları və danışdıqları onun həyatında əməlləri ilə təsdiqlənməlidir.

Eyni zamanda insanların yalnız sözünə və əməlinə deyil, niyyətinə də diqqət yetirmək vacibdir. Niyyət və əməl bir-birini tamamlamalı, bir-birində öz əksini tapmalıdır.

 – Vüqar müəllim, uğurlu karyera planlı addımların nəticəsidir, yoxsa cəsarətli risklərin?

– Uğur qazanmaq üçün iki əsas amil unudulmamalıdır. Birincisi, bilik və təcrübədir. İnsan ömrünün sonuna qədər həm bilik toplamalı, həm də təcrübəsini artırmalıdır. Bunlar insanın əlindən alına bilməyən ən böyük sərvətidir və əslində ən etibarlı investisiyadır.

İkincisi isə düzgün əlaqələr qurmaq bacarığıdır. Yəni bilik, təcrübə və güclü sosial əlaqələr bir araya gəldikdə insanı uğura aparan əsas faktorlara çevrilir. Bundan əlavə, insan daha çox hərəkətdə olmalı, passiv deyil, aktiv həyat tərzi sürməlidir. Daim çalışmaq, öyrənmək və inkişaf etmək uğurun əsas şərtlərindəndir.

– Uğur pilləkənində tək qalmaq riski varmı?

– İnsan yalnız uğurlu olduğu üçün deyil, eyni zamanda düşünən, bilikli və ədalətli olduğu üçün də tək qala bilər. Çünki bu keyfiyyətlər bəzən digərlərində qıcıq yarada bilir. Düşünən insan daha çox “niyə” sualını verir və bu da onu fərqləndirir.

Belə hallarda tənhalıq riski yarana bilər. Lakin bütün bu keyfiyyətləri özündə cəmləyən insan milyonların içində də tək qala, tək olduğu halda isə mənəvi olaraq özünü tənha hiss etməyə bilər. Bu baxımdan təklik anlayışı nisbi məfhumdur.

– Vüqar müəllim üçün güvən nə deməkdir?

– Güvən insanlığın daim axtardığı, lakin çox vaxt çətin tapdığı bir dəyərdir. İnsan tarix boyu sevgi, ədalət və güvən axtarışında olub. Ədəbiyyatda, musiqidə, folklorda bu mövzuların bu qədər geniş yer alması da təsadüfi deyil.

İnsan yaşa dolduqca və təcrübə qazandıqca güvən anlayışına daha rasional yanaşır. Güvənmədən yaşamaq mümkün deyil, lakin hər kəsə və hər şeyə kor-koranə güvənmək də insanı çətin vəziyyətə sala bilər. Təcrübə insana kimə, nə vaxt və hansı ölçüdə güvənməli olduğunu öyrədir.

Güvən hissini qəlbimizdə saxlamaq vacibdir, lakin bu hiss ağıl və düşüncə ilə balanslaşdırılmalıdır. İnsan seçərək, sınayaraq və tanıyaraq güvənməlidir ki, sonradan peşmanlıq yaşamasın.

AYNUR TURAN 

Gundelik.az