Avqust 22, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Dondurma seçərkən diqqət etməli olduğunuz 4 vacib məqam

Yay aylarında sərinləşdirici xüsusiyyətinə görə dondurma həm uşaqların, həm də böyüklərin sevimli təamlarından biridir. Lakin dondurmanın soyuq olması onun avtomatik olaraq yüngül və sağlam olduğu anlamına gəlmir. Məhsulun tərkibi, porsiyası və nə qədər tez-tez istehlak edilməsi önəmlidir.

Dietoloq Betül Merd bildirir ki, dondurmanı yalnız “sağlam” və ya “sağlam deyil” kimi qiymətləndirmək düzgün yanaşma deyil. Əsas diqqət məhsulun tərkibinə və qida dəyərinə yönəldilməlidir.

Süd, qatıq, qaymaq, həqiqi meyvə, kakao və çərəzlərlə hazırlanan dondurmaların qida dəyəri çoxlu şəkər, qlükoza və ya fruktoza siropu, bitki yağları, dadlandırıcı və müxtəlif əlavələrdən ibarət məhsullardan fərqlənir. Buna görə də qablaşdırmanın üzərindəki “çiyələkli”, “şokoladlı” kimi yazılardan çox, “Tərkibi” və “Qida dəyəri” bölmələrinə baxmaq lazımdır.

“Suya tutdum, ərimədi” videolarına aldanmayın

Sosial şəbəkələrdə dondurmanın su altında belə ərimədiyini göstərən videolar yayılıb. Bu, bəzi insanlarda məhsulun tərkibində mütləq zərərli maddələrin olduğu fikrini yaradır. Lakin dondurmanın gec əriməsi onun sağlamlığa zərərli olduğunu göstərmir.

Dondurmanın ərimə sürətinə yağ, süd zülalları, şəkər, quru maddələr, emulqator və stabilizatorlar, hava miqdarı, istehsal texnologiyası və saxlanma şəraiti təsir edir. Buna görə məhsulu yalnız əriməsinə əsasən qiymətləndirmək düzgün deyil.

Dondurma alarkən bu 4 məqama diqqət edin:

1. Tərkib siyahısı: Şəkər və ya şəkər tərkibli komponentlər siyahının əvvəlindədirsə, məhsulda əlavə şəkərin miqdarı yüksək olur.

2. Yağ mənbəyi: Süd yağı ilə bitki yağlarının istifadəsi məhsulun qida xüsusiyyətlərinə təsir edir.

3. Şəkər miqdarı: “Şəkərsiz”, “fit”, “light” və ya “meyvəli” yazılması məhsulun avtomatik olaraq sağlam olduğu demək deyil. Şəkər və enerji miqdarını yoxlayın.

4. Porsiya: Bütün qabı bir porsiya hesab etmək olmaz. Xüsusilə böyük qutularda göstərilən porsiya ilə yeyilən miqdar arasında ciddi fərq olur.

“Meyvəli” dondurmada həqiqətən meyvə varmı?

“Çiyələkli”, “meşə meyvəli” və ya “manqolu” yazılan hər dondurmanın tərkibində çoxlu miqdarda həqiqi meyvə olmaya bilər. Bəzi məhsullarda meyvənin özü, bəzilərində isə meyvə aromatizatoru və ya meyvə preparatları istifadə edilir. Buna görə “meyvəli” sözündən çox tərkib siyahısına baxmaq daha doğrudur.

Mütəxəssislərə görə, daha qısa və aydın tərkibli, süd məhsulu əsaslı, əlavə şəkəri az və porsiyası nəzarətdə saxlanıla bilən dondurmalar daha yaxşı seçimdir. Evdə süd və ya qatıqla meyvədən, əlavə şəkəri nəzarətdə saxlamaqla hazırlanan dondurma isə daha sağlam alternativdir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az