İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Donald Trampın təsdiq reytinqi azalmağa davam edir

ABŞ-da aparılan son ictimai rəy sorğuları göstərir ki, Trampın iqtisadiyyat, miqrasiya siyasəti və İranla bağlı münaqişənin idarə olunmasına dəstək zəifləyir.

Reuters-Ipsos, Associated Press-NORC və NBC tərəfindən keçirilən üç ayrı sorğu, aralıq seçkilərə altı ay qalmış Respublikaçı namizədlər üçün riskli vəziyyətin yarandığını göstərir.

Sorğulara görə, Prezident Trampın ümumi təsdiq reytinqi 33–36% aralığına düşərək ikinci prezidentlik dövrünün ən aşağı səviyyələrinə yaxınlaşıb.

AP-NORC sorğusunda hər 10 amerikalıdan 7-si iqtisadiyyatı “pis” kimi qiymətləndirib və ölkənin yanlış istiqamətdə getdiyini düşünür.

Trampın iqtisadiyyatın idarə olunmasına dəstək mart ayında 38% olduğu halda, hazırda 30%-ə düşüb. Yaşayış xərclərini idarə etmə tərzi isə respondentlərin 76%-i tərəfindən mənfi qarşılanır.

Miqrasiya siyasəti müstəqil seçiciləri uzaqlaşdırır

Reuters-Ipsos sorğusu göstərir ki, Trampın əsas siyasətlərindən biri olan deportasiya (ölkədən çıxarma) tədbirləri noyabrda keçiriləcək Konqres seçkilərində Respublikaçılara zərər verə bilər.

Amerikalıların 52%-i bu siyasəti dəstəkləyən namizədlərə səs vermə ehtimalının aşağı olduğunu bildirib. Xüsusilə müstəqil seçicilər arasında bu göstərici daha yüksəkdir — onların 57%-i bu siyasətə qarşı olan namizədləri üstün tutur.

2025-ci ilin yanvarında andiçmə mərasimindən sonra miqrasiya siyasətinə dəstək 50% olduğu halda, son etirazlar və insan itkilərindən sonra bu rəqəm 40%-ə qədər azalıb.

İranla bağlı siyasət cəmiyyəti bölüb

NBC News-un sorğusuna əsasən, amerikalıların 67%-i Trampın İranla bağlı müharibə siyasətini dəstəkləmir.

Demokratların demək olar ki, hamısı və müstəqillərin 82%-i bu siyasətə qarşıdır, lakin Respublikaçıların 74%-i hələ də Trampı dəstəkləyir.

Cəmiyyətin 61%-i isə İrana qarşı əlavə hərbi əməliyyatların aparılmasının əleyhinədir.

Respublikaçı bazada dəstək qalır, amma zəifləyir

Mənfi göstəricilərə baxmayaraq, Trampın öz partiyası daxilində dəstəyi əsasən qorunur. Respublikaçıların 83%-i onu dəstəkləməyə davam edir, lakin bu, ilin əvvəli ilə müqayisədə 4 faiz bəndi azdır.

Seçicilər üçün ən vacib məsələ 29% ilə iqtisadiyyat olaraq qalır. Onu 24% ilə “demokratiyaya təhdidlər” izləyir.

Tramp və Respublikaçı Partiyanın ən çox dəstək qazandığı mövzu isə seçici təhlükəsizliyidir. Amerikalıların böyük əksəriyyəti səsvermə zamanı fotoşəkilli şəxsiyyət vəsiqəsinin təqdim olunmasını və bu sənədlərin vətəndaşlığı təsdiqləməsini dəstəkləyir.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az