İyul 23, 2026
Baku
Mədəniyyət və cəmiyyət Müsahibə

“Doğulduğun torpaq taleyindir, təmsil etdiyin ölkə qürurundur” – Kənan Heydərov

Qloballaşan dünyada ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsi təkcə dövlətlərin deyil, fərdi təşəbbüskarların da üzərinə böyük məsuliyyət qoyur. Min kilometrlərlə uzaqda yaşayıb öz vətəninin adını ləyaqətlə təmsil etmək, milli mətbəxini, sahibkarlıq ənənələrini və işgüzar mədəniyyətini tanıtmaq hər kəsə nəsib olmur. Bəzən uğur yalnız qazanc əldə etmək deyil, ölkən haqqında formalaşan müsbət təsəvvürün memarına çevrilməkdir.

Bu gün Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. “Bir Kəmər, Bir Yol” təşəbbüsü, Orta Dəhlizin inkişafı və artan ticarət dövriyyəsi yeni imkanlar yaradır. Bu imkanları vaxtında görən və onları uğurlu biznes modelinə çevirən azərbaycanlı sahibkarlardan biri də Heydərov Kənan Vidadi oğludur.

1987-ci il avqustun 29-da Qərbi Azərbaycanın Uluxanlı rayonunun Həbil kəndində anadan olan Kənan Heydərov orta təhsilini Bakı şəhəri Suraxanı rayonundakı 280 nömrəli tam orta məktəbdə alıb. Azərbaycan Mülki Aviasiya Akademiyasının Hüquq fakültəsini bitirib, uzun illər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində çalışıb. Lakin həyatını tamamilə dəyişəcək qərar qəbul edərək 2019-cu ildə Çinə yollanıb. Bu gün o, Çində fəaliyyət göstərən Silk Road Drivers şirkətinin, KN Transport MMC-nin və Xorqos şəhərində fəaliyyət göstərən “Karvan” Azərbaycan mətbəxi restoranının təsisçisidir.

Gundelik.az-a müsahibəsində Kənan Heydərov Çində keçdiyi uğur yolundan, Azərbaycan-Çin iqtisadi əlaqələrinin perspektivlərindən, sahibkarlığın çətinliklərindən və xaricdə Azərbaycanı təmsil etməyin məsuliyyətindən danışır.

 Kənan bəy, əvvəlcə oxucularımız üçün özünüz haqqında qısa məlumat verməyinizi istərdik.

– Mən 1987-ci il avqustun 29-da Qərbi Azərbaycanın Uluxanlı rayonunun Həbil kəndində anadan olmuşam. Orta təhsilimi Bakı şəhəri Suraxanı rayonunda yerləşən 280 nömrəli tam orta məktəbdə almışam. Daha sonra Azərbaycan Mülki Aviasiya Akademiyasının Hüquq fakültəsini bitirmişəm. Peşə fəaliyyətimə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində başlamışam. Dövlət qulluğunda işləmək mənə məsuliyyət, intizam və idarəçilik bacarığı qazandırdı. Lakin zaman keçdikcə sahibkarlıq sahəsində özümü sınamaq istədim və həyatımın yeni mərhələsinə qədəm qoydum.

 Dövlət xidmətindən ayrılıb sahibkarlığa keçmək asan qərar idimi?

– Əlbəttə ki, yox. Dövlət qulluğu sabitlik deməkdir. Sahibkarlıq isə risk, məsuliyyət və qeyri-müəyyənlikdir. Amma insan öz potensialına inanırsa, böyük hədəflər qurursa, müəyyən məqamda risk etməlidir. Mən də öz istəyimlə xidmətdən ayrıldım və 2019-cu ildə Çinə getdim. Həmin qərarın həyatımın dönüş nöqtəsi olacağını o zaman tam təsəvvür etmirdim.

 Niyə məhz Çin?

– Çünki artıq dünya iqtisadiyyatının əsas istehsal və ixrac mərkəzlərindən biri Çindir. Burada yaranan imkanları düzgün qiymətləndirən sahibkar həm Azərbaycana, həm də region ölkələrinə böyük fayda verə bilər. Mən bu bazarı araşdırdım və gördüm ki, Azərbaycan şirkətlərinin etibarlı tərəfdaşa ehtiyacı var. Beləliklə fəaliyyətə başladıq.

Silk Road Drivers şirkəti hansı istiqamətlər üzrə fəaliyyət göstərir?

– Şirkətimiz əsasən Çindən Azərbaycana və MDB ölkələrinə ağır texnika, tikinti texnikası, yük avtomobilləri, minik avtomobilləri, sənaye avadanlıqları və müxtəlif texniki məhsulların idxalı ilə məşğuldur. Biz yalnız məhsulun satışını təşkil etmirik. Müştərinin sifarişindən başlayaraq məhsulun seçilməsi, istehsalçı ilə danışıqlar, keyfiyyətə nəzarət, sənədləşmə, logistika və təhlükəsiz daşınmaya qədər bütün prosesi idarə edirik.

Çin bazarında etibar qazanmaq nə dərəcədə çətindir?

– Çin bazarında rəqabət çox yüksəkdir. Burada etibar bir gündə qazanılmır. Sözünə sahib çıxmalı, öhdəliklərini vaxtında yerinə yetirməli və şəffaf işləməlisən. Biz də fəaliyyətimizin ilk günündən bu prinsiplərə sadiq qalmışıq. Məhz buna görə həm Çin tərəfdaşlarımız, həm də Azərbaycanlı müştərilərimiz bizimlə uzunmüddətli əməkdaşlıq edirlər.

 KN Transport MMC haqqında da məlumat verməyinizi istərdik.

– KN Transport MMC Azərbaycanda fəaliyyət göstərən şirkətimizdir. Əsas istiqamətimiz minik avtomobillərinin idxalı, satışı və daşınmasının təşkilidir. Məqsədimiz müştərilərə təhlükəsiz və şəffaf xidmət göstərməkdir. Bu gün logistika təkcə yük daşımaq deyil, etibar daşımaqdır.

Siz həm də Xorqos şəhərində “Karvan” Azərbaycan mətbəxi restoranının təsisçisisiniz. Bu ideya necə yarandı?

– Mən hesab edirəm ki, ölkəni yalnız iqtisadiyyatla deyil, mədəniyyətlə də tanıtmaq lazımdır. Xarici ölkədə Azərbaycan mətbəxini təqdim etmək əslində xalqımızın tarixini, qonaqpərvərliyini və milli dəyərlərini təqdim etməkdir. “Karvan” restoranını yaradarkən əsas məqsədimiz məhz bu idi. Bu gün restoranımıza gələn müxtəlif ölkələrin vətəndaşları Azərbaycan plovunu, dolmasını, kabablarını dadır, musiqimizi dinləyir və ölkəmiz haqqında daha dolğun məlumat əldə edirlər.

Xaricdə Azərbaycanı təmsil etmək sizin üçün nə ifadə edir?

– Mən bunu peşədən daha çox məsuliyyət hesab edirəm. Harada yaşamağımızdan asılı olmayaraq hər birimiz ölkəmizin nümayəndəsiyik. Bizim davranışımız, işimiz, münasibətimiz insanların Azərbaycan haqqında fikrini formalaşdırır. Mən həmişə çalışıram ki, həm biznesdə, həm də gündəlik həyatda ölkəmi layiqincə təmsil edim. Mənim üçün ən böyük fəxr budur.

Çinlə Azərbaycan arasında iqtisadi əməkdaşlığın gələcəyini necə qiymətləndirirsiniz?

– Mən çox böyük perspektiv görürəm. Son illər dövlətlərarası münasibətlər daha da inkişaf edib. Orta Dəhlizin əhəmiyyəti artır, logistika imkanları genişlənir. Bu isə sahibkarlar üçün yeni fürsətlər yaradır. Hesab edirəm ki, yaxın illərdə Çin-Azərbaycan iqtisadi əlaqələri daha sürətlə inkişaf edəcək.

 Sizə daha çox hansı məhsullar sifariş olunur?

– Tikinti texnikası, xüsusi təyinatlı ağır texnikalar, yük avtomobilləri, minik avtomobilləri, istehsalat avadanlıqları və sənaye məhsulları. Eyni zamanda müəssisələrin sifarişi ilə fərdi avadanlıqların da tədarükünü həyata keçiririk.

Çin bazarında işləmək istəyən azərbaycanlı sahibkarlara hansı tövsiyələri verərdiniz?

– İlk növbədə bazarı yaxşı öyrənsinlər. Tələsməsinlər. Etibarlı tərəfdaş seçmək çox vacibdir. Hər ucuz məhsul keyfiyyətli olmur. Logistika və sənədləşmə məsələlərinə ciddi yanaşmaq lazımdır. Ən əsası isə uzunmüddətli düşünmək lazımdır. Uğur təsadüf deyil, sistemli işin nəticəsidir.

Sizcə uğurlu sahibkarı fərqləndirən əsas xüsusiyyət nədir?

– Dürüstlük və məsuliyyət. Pul qazanmaq mümkündür, amma etibar qazanmaq daha çətindir. Müştəri bir dəfə aldadılsa, geri qayıtmayacaq. Biz isə fəaliyyətimizi etibar üzərində qurmuşuq.

Gələcək planlarınız nələrdir?

– Məqsədimiz Silk Road Drivers şirkətinin fəaliyyət coğrafiyasını daha da genişləndirmək, Azərbaycan və MDB ölkələrində logistika imkanlarımızı artırmaqdır. Eyni zamanda Çinlə Azərbaycan arasında yeni biznes layihələrinin həyata keçirilməsi istiqamətində çalışırıq. İnanıram ki, gələcəkdə iki ölkə arasında iqtisadi əməkdaşlığa daha böyük töhfələr verəcəyik.

Sonda Gundelik.az oxucularına nə demək istərdiniz?

– İnanıram ki, zəhmət və məqsədyönlülük insanı istədiyi zirvəyə aparır. Gənclərə tövsiyəm budur ki, böyük düşünməkdən çəkinməsinlər. Dünyanın harasında olmağımızdan asılı olmayaraq, Azərbaycanın adını uca tutmaq hər birimizin borcudur. Mənim üçün isə Azərbaycanı Çində təmsil etmək ən gözəl peşədir.

   

Gundelik.az