Azərbaycanda bu ilin ilk 7 ayında 0,9 faiz olan ümumdaxili məhsulun yüksəlməsi və dayanıqlı artımını qoruyub saxlamaq üçün həll yolları çox deyildir.
Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov fikirlərini bölüşüb.
O bildirib ki, dünyanın bütün ölkələrinin təcrübəsi göstərir ki, bunun üçün birinci və ən əsas şərt azad və ədalətli rəqabətin mövcudluğudur. İkinci əsas dayağı isə ölkənin bol təbii sərvətləri təşkiledirr: “Bu iki amildən biri yoxdursa, iqtisadi artım təsadüfi və qısaömürlü olur.
Ədalətli rəqabət mühiti qurulmadıqda, nə investisiya gəlir gətirir, nə də sahibkar yeni dəyər yarada bilir. Təbii sərvət bol olmadıqda isə iqtisadiyyat süni nəfəs aparatına qoşulmuş kimi olur”.
İqtisadçının sözlərinə görə, adətən rəqabətin və təbii sərvətlərin yetərsizliyi halında ölkələr başqa üsullara, yəni süni qaydalara, inzibati mexanizmlərə əl atırlar: “Amma bu cür yollar dayanıqlı artım yaratmır, sadəcə statistik rəqəmləri qısa müddətlik “bəzəyir”.
“Əlqərəz, dayanıqlı iqtisadi artımın (DİA) bir düsturu var:
DİA= Azad rəqabət + sərvətlərin düzgün idarəsi. Başqa resept mövcud deyil”, – deyə E. Əmirov fikirlərini yekunlaşdırıb.
Gundelik.az

