Avropa İttifaqının (Aİ) hərbi xərcləri artırmaq istəyi blokun maliyyə sabitliyini təhdid edir.
Gundelik.az xəbər verir ki, bunu Danimarkanın İqtisadiyyat naziri Stefani Losi “Euractiv”ə müsahibəsində deyib.
O, sürətlə artan büdcə kəsirində və Aİ üzvlərinin saxlaya bilməyəcəyi dövlət borcunda təhlükə gördüyünü bildirib və qeyd edib ki, Avropa da artıq ABŞ-nin ticarət tariflərinin təzyiqi və Çinin rəqabəti ilə üzləşir.
“Dünyada iqtisadiyyatların təlatüm içində olduğu bir vaxtda müdafiə xərclərini çox sürətlə artırmaq iqtisadiyyatlarımız üçün ciddi riskdir”, – Losi vurğulayıb.
O əlavə edib ki, maliyyə sektorunun davamlılığını təmin etmək üçün düşünülmüş strategiya lazımdır, əks halda borc yükünün artması problemə çevrilə bilər.
Bundan əvvəl NATO- ya üzv ölkələrin liderləri 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq barədə razılığa gəliblər. Xərclərə digər məsələlərlə yanaşı, Ukraynaya hərbi təchizatın maliyyələşdirilməsi və onun müdafiə sənayesinə dəstək də daxildir.
Gundelik.az
