Sentyabr 16, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Daim üşümək hansı xəstəliklərin əlamətidir?

Soyuq havada üşümək normaldır. Ancaq insan isti və ya nisbətən mülayim havada belə daim üşüyürsə, bunun səbəbi bəzi xəstəliklər və ya vitamin-mineral çatışmazlığıdır.

Mütəxəssislər uzun müddət davam edən və başqa şikayətlərlə müşayiət olunan üşüməyə ciddi yanaşmağı və həkimə müraciət etməyi tövsiyə edirlər.

Bədənin normal temperaturu nə qədərdir?

Üşümə bədənin soyuqluq hiss etməsidir. Bu hiss bütün bədəndə, eləcə də yalnız əl və ayaqlarda yaranır.

Normal bədən temperaturu təxminən 35,5–37,5 dərəcə arasında dəyişir və orta göstərici 36,7 dərəcədir. Ətraf mühitin temperaturu aşağı düşdükdə orqanizm istiliyi qorumaq üçün qan damarlarını daraldır, əzələlərin xırda yığılmaları və boşalmaları ilə istilik yaratmağa çalışır. Üşümə hissi də bu mexanizmləri işə salan siqnallardan biridir.

Uzun müddət davam edən üşüməyə diqqət

Soyuq havada üşümək normal hesab olunur. Belə hallarda isti geyinmək, düzgün və balanslı qidalanmaq, gündəlik fiziki aktivliyi qorumaq vacibdir.

Lakin üşümə uzun müddət davam edirsə və halsızlıq, ağrı, qızdırma, öskürək, dəri rənginin dəyişməsi və ya digər şikayətlərlə müşayiət olunursa, bunun altında hər hansı xəstəliyin dayanması mümkündür.

Qansızlıq ən çox rast gəlinən səbəblərdəndir

Daim üşümənin səbəblərindən biri anemiya, yəni qansızlıqdır. Anemiya zamanı toxumalara kifayət qədər oksigen çatdırılmadığı üçün xüsusilə əl və ayaqlarda soyuqluq və üşümə hissi yaranır.

Dəmir, B12 vitamini, C vitamini və fol turşusu çatışmazlığı da anemiyaya səbəb olaraq üşüməyə gətirib çıxarır.

Hipotireoz da üşüməyə səbəb olur

Qalxanabənzər vəzinin kifayət qədər hormon istehsal etmədiyi hipotireoz zamanı maddələr mübadiləsi yavaşlayır. Nəticədə orqanizmin enerji və istilik istehsalı azalır və insan daha çox üşüyür.

Qanda şəkərin azalması

Hipoqlikemiya, yəni qan şəkərinin həddindən artıq azalması da üşüməyə səbəb olur. Bu zaman üşümə ilə yanaşı tərləmə, titrəmə, halsızlıq, başgicəllənmə və ürəkdöyünmə kimi əlamətlər də yaranır.

İnfeksiyalar zamanı üşümə

Qrip, sinusit, bronxit və pnevmoniya kimi infeksiyalar zamanı üşümə və titrəmə baş verir. Bu hallarda adətən qızdırma, öskürək, burun axması və halsızlıq kimi digər əlamətlər də müşahidə olunur.

Qan dövranının pozulması

Əllərin və ayaqların daim soyuq olması qan dövranı ilə bağlı problemlərə də işarə edir.

Yüksək xolesterin, şəkərli diabet, nəzarətsiz yüksək təzyiq, siqaret və alkoqol istifadəsi damarların daralmasına və ətraflara kifayət qədər qan getməməsinə səbəb olur. Bu zaman əl və ayaqlarda soyuqluq, solğunluq və üşümə yaranır.

Raynaud xəstəliyində də xüsusilə əllərdə damarların ani daralması nəticəsində soyuqluq və rəng dəyişiklikləri müşahidə olunur.

Sinir və revmatoloji xəstəliklər

Şəkərli diabet və bəzi nevroloji xəstəliklər nəticəsində yaranan sinir zədələnməsi də əl və ayaqlarda soyuqluq hissinə səbəb olur.

Revmatoloji xəstəliklər, o cümlədən revmatoid artrit və sistemik qırmızı qurdeşənəyi zamanı da üşümə hissi meydana çıxır.

Çəki və qidalanma da rol oynayır

Kifayət qədər qidalanmamaq və həddindən artıq arıq olmaq da insanın daim üşüməsinə səbəb olur. Orqanizm kifayət qədər enerji qəbul etmədikdə istilik istehsalı azalır. Bədəndə yağ toxumasının az olması da soyuğa həssaslığı artırır.

Daim üşümənin səbəbi hər insanda fərqli olur. Şikayət uzun müddət davam edirsə və başqa əlamətlərlə birlikdə müşahidə olunursa, səbəbi müəyyənləşdirmək üçün həkim müayinəsindən keçmək lazımdır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az