İyul 8, 2026
Baku
Dünya Elm və təhsil Xəbərlər

Daha bir ölkədə dərs saatlarında mobil telefonlardan istifadə qadağan olundu

Cənubi Koreya parlamenti məktəblərdə dərs vaxtı mobil telefon və digər ağıllı cihazlardan istifadəyə qadağa qoyan qanun layihəsini qəbul edib.

Gundelik.az-ın “The Korea Herald”a istinadən məlumatına görə, Milli Assambleyanın iclasında iştirak edən 163 deputatdan 115-i layihənin lehinə səs verib.

Yeni qanuna əsasən, şagirdlər dərs saatlarında mobil telefon və smart cihazlardan istifadə edə bilməyəcəklər. Bununla belə, əlilliyi olan, xüsusi təhsilə ehtiyacı olan şagirdlər və fövqəladə hallarla üzləşənlər üçün istisnalar nəzərdə tutulur. Qanun 2026-cı ilin mart ayından, yeni tədris ilindən etibarən qüvvəyə minəcək.

Qanunvericilər, valideynlər və müəllimlər hesab edirlər ki, smartfon istifadəsi şagirdlərin akademik göstəricilərinə mənfi təsir göstərir və onların təhsilə sərf edə biləcəyi vaxtı azaldır. Müxalifətdə təmsil olunan Xalq Gücü Partiyasının deputatı Ço Junq-hun bildirib: “Smartfon asılılığının şagirdlərin beyin inkişafına və emosional yetkinliyinə ciddi mənfi təsirləri olduğuna dair kifayət qədər elmi və tibbi sübutlar mövcuddur”.

Cənubi Koreya Təhsil Nazirliyinin məlumatına görə, ölkə əhalisinin təxminən 25 faizi mobil telefondan həddindən artıq asılıdır. Bu göstərici 10-19 yaşlı gənclər arasında 43 faizədək yüksəlir. Araşdırmalar həmçinin göstərir ki, gənclərin üçdə birindən çoxu sosial mediada keçirdikləri vaxta nəzarət etməkdə çətinlik çəkir.

Qeyd edək ki, Cənubi Koreyadan əvvəl Fransa, Finlandiya, İtaliya, Hollandiya və Çin də məktəblərdə telefon istifadəsinə müxtəlif məhdudiyyətlər tətbiq edib.

Gundelik.az