Dağıstanın Dərbənd şəhərində avtomobil sürücüsü polis əməkdaşlarından biri ilə mübahisə edərək hüquq-mühafizə orqanlarının əməkdaşları istiqamətində bir neçə dəfə atəş açıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün axşam saatlarında polis əməkdaşları Rusiya Milli Qvardiyasından olan həmkarları ilə birlikdə xüsusilə ağır cinayətlərin qarşısının alınması istiqamətində kompleks tədbirlər həyata keçiriblər.
Belə ki, Dərbənd küçələrinin birində avtomobil sürücüsü hüquq-mühafizə orqanlarının əməkdaşlarının maşını saxlamaq tələblərinə məhəl qoymayaraq qaçmağa cəhd edib.
“O, qəsdən polis əməkdaşının üstünə avtomobil sürüb və zabitlərə tərəf bir neçə atəş açıb. Buna cavab olaraq asayiş keşikçiləri xidməti silahdan istifadə ediblər. Hücum edən şəxs aldığı xəsarətlərdən ölüb”, – idarədən bildirilib.
Xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Hazırda onun həyatı üçün təhlükə yoxdur.
Dağıstanın Daxili İşlər Nazirliyi hadisənin bütün hallarının müəyyən edilməsi üçün araşdırma aparır.
Gundelik.az

