Oktyabr 13, 2026
Baku
Dünya Maraqlı Xəbərlər

Dələduzların ağlasığmaz üsulu: İşçiləri yalan detektoruna qoşublar – FOTO

İstanbulda beynəlxalq forex dələduzluğu ilə bağlı aparılan araşdırma zamanı Beyoğlu və Şişli rayonlarında fəaliyyət göstərən çağrı mərkəzlərində işə qəbul olunan və işdən ayrılmaq istəyən şəxslərin yalan detektorundan keçirildiyi məlum olub.

Gundelik.az yerli mətbuata istinadən xəbər verir ki, əməliyyat nəticəsində saxlanılan 97 şübhəlidən 36-sı həbs edilib.

İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsi İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə apardığı istintaq çərçivəsində turizm və konsaltinq şirkətləri adı altında fəaliyyət göstərən çağrı mərkəzləri vasitəsilə beynəlxalq səviyyədə forex dələduzluğu həyata keçirildiyini müəyyən edib.

Araşdırma zamanı şübhəlilərin müxtəlif ölkələr və dillər üzrə ayrıca işçi qrupları yaratdıqları, insanlara yüksək qazanc vəd edərək onları saxta investisiya platformalarına yönləndirdikləri üzə çıxıb. Qurbanların yatırdıqları pullar isə şəbəkənin kriptovalyuta hesablarına köçürülüb.

İstintaq zamanı çağrı mərkəzlərində çalışanların, eləcə də işə yeni qəbul olunan və işdən ayrılmaq istəyən şəxslərin yalan detektoruna qoşulduğu müəyyən edilib. İddialara görə, onlara “Polisdə tanışın varmı?”, “Mətbuat nümayəndələrindən kimi tanıyırsan?” və “Burada əldə edilən qazancı öz hesabına köçürürsənmi?” kimi suallar verilib.

Test zamanı insanların bədəninin müxtəlif nahiyələrinə kabellər birləşdirilib, nəticələr isə hər bir şəxsin adı qeyd olunmaqla qeydə alınıb. Şübhəlilərin bu üsulla işçiləri yoxladıqları və mümkün məlumat sızmalarının qarşısını almağa çalışdıqları ehtimal edilir.

Oktyabrın 6-da müəyyən edilmiş ünvanlarda keçirilən əməliyyat nəticəsində 97 nəfər saxlanılıb. Onlardan yalan detektorundan istifadə edən iki nəfərin də daxil olduğu 36 şübhəli məhkəmənin qərarı ilə həbs edilib. Daha 25 nəfər məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, 34 nəfər isə deportasiya mərkəzinə göndərilib. Saxlanılan digər iki şəxs polis bölməsindəki prosedurlardan sonra sərbəst buraxılıb.

Nuri
Gundelik.az