Şotlandiyalı Leyborist Partiyasından deputat Joani Reid bildirib ki, üç nəfərin Çin üçün casusluq şübhəsi ilə həbs olunmasından sonra ərinin “hər hansı bir qanunu pozduğuna” inanmasına səbəb olacaq heç nə görməyib.
Bundan əvvəl Metropolitan Police açıqlayıb ki, yaşı 39, 43 və 68 olan üç kişi Milli Təhlükəsizlik Qanunu çərçivəsində aparılan terrorla mübarizə istintaqı çərçivəsində London və Uelsdə saxlanılıb. Polis əlavə edib ki, ictimaiyyət üçün “yaxın və ya birbaşa təhlükə” yoxdur və hər üç şübhəli nəzarət altındadır.
East Kilbride və Strathaven bölgəsini təmsil edən Reid bildirib ki, o, əri David Taylorun biznes fəaliyyətlərinin “bir hissəsi deyil”. O əlavə edib:
“Nə mən, nə də uşaqlarım bu istintaqın bir hissəsiyik və media qurumları bizi belə təqdim etməməlidir. Ən əsası isə mediadan uşaqlarımın məxfiliyinə hörmət etməsini gözləyirəm.”
Reid həmçinin bildirib ki, o, heç vaxt Çində olmayıb və İcmalar Palatasında Çinlə bağlı heç vaxt çıxış etməyib:
“Mən Çinlə bağlı heç vaxt sual verməmişəm. Bildiyim qədərilə deputat olduğum müddətdə heç bir Çin şirkəti, diplomat və ya hökumət nümayəndəsi ilə görüşməmişəm və təsadüfi belə olsa, Çin maraqları naminə heç bir məsələ qaldırmamışam.
Mən söz azadlığına, azad həmkarlar ittifaqlarına və azad seçkilərə inanan sosial-demokratam. Çin Kommunist Partiyasının diktaturasının heç bir formada tərəfdarı və ya müdafiəçisi deyiləm.”
Metropoliten Polisi bildirib ki, 39 yaşlı şəxs Londonda, 68 yaşlı şəxs Uelsin Powys bölgəsində, 43 yaşlı şəxs isə Pontyclun şəhərində saxlanılıb.
Bu şəxslər 2023-cü ildə qəbul edilmiş və Böyük Britaniyanın maraqlarına qarşı fəaliyyət göstərməkdə şübhəli bilinənləri hədəf alan Milli Təhlükəsizlik Qanununun üçüncü maddəsinə əsasən xarici kəşfiyyat xidmətinə yardım etməkdə ittiham olunurlar.
Hər üç şəxs Polis və Cinayət Sübutları Qanunu əsasında saxlanılıb və polis nəzarətində qalır. İstintaq çərçivəsində London, East Kilbride və Kardiffdə axtarışlar aparılıb.
Metropoliten Polisi bildirib ki, onlara Uels və Şotlandiyada terrorla mübarizə polisi dəstək verib. Police Scotland sözçüsü açıqlayıb:
“Çərşənbə günü, 4 mart tarixində, Londonun Terrorla Mübarizə Polisi tərəfindən aparılan istintaq çərçivəsində East Kilbride-də bir ünvanda axtarış apardıq.”
London Terrorla Mübarizə Polisinin rəhbəri komandir Helen Flanagan bildirib ki, son illərdə milli təhlükəsizliklə bağlı işlərdə “əhəmiyyətli artım” müşahidə olunur və polis şübhəli “zərərli fəaliyyətləri” pozmağa çalışır.
Həbslər, Baş nazir Keir Starmerin hökumətin Böyük Britaniya–Çin iqtisadi əlaqələrini ehtiyatlı şəkildə yenidən qurmaq məqsədilə Pekinə səfər etməsindən bir neçə həftə sonra baş verib.
Təhlükəsizlik naziri Dan Jarvis bildirib ki, əgər Çinin Böyük Britaniyanın suveren işlərinə müdaxiləsi sübut olunarsa, “ağır nəticələr” olacaq:
“Bu hökumət Böyük Britaniyaya qarşı istənilən dövlət tərəfindən həyata keçirilən xarici müdaxilə fəaliyyətlərinə qarşı qətiyyətlə mübarizə aparır.”
O əlavə edib ki, Britaniya rəsmiləri bu ittihamlarla bağlı London və Pekindəki Çin tərəfdaşlarını məlumatlandırıblar.
Jarvis həmçinin deyib ki, Böyük Britaniyanın Çinlə “funksional iş münasibətlərinə” malik olmamalı olduğunu demək “sadəlövhlük” olardı.
Mühafizəkar Partiyadan kölgə kabinet naziri Alex Burghart isə parlamentdə cavab olaraq bildirib:
“Böyük Britaniya bu təhdidlərə qarşı durmasa, ölkəmiz hörmətsizliklə qarşılanmağa davam edəcək.”
O, əvvəllər Çini əhatə edən uğursuz casusluq qalmaqalını və təhlükəsizlik riskləri yarada biləcəyi ilə bağlı xəbərdarlıqlara baxmayaraq, Londonun mərkəzində Çin üçün iri səfirlik binasının tikintisinə icazə verilməsini xatırladıb.
Mühafizəkarların lideri Kemi Badenoch isə X platformasında paylaşdığı videoda bildirib:
“Hazırkı Leyborist deputatın həyat yoldaşı və keçmiş Leyborist deputatın tərəfdaşı casusluq şübhəsi ilə saxlanılıb.
Bu şəxslər Milli Təhlükəsizlik Qanunu əsasında, demokratiyamıza qarşı yönəlmiş şəkildə xarici kəşfiyyat xidmətinə yardım etməkdə şübhəli bilinirlər.
Çin Britaniyanı, deputatlarımızı hədəfə alır. Bəsdir.”
O, həmçinin Keir Starmerin yanvarda Pekinə səfərini və hökumətin Londonda yeni Çin səfirliyinin tikintisinə icazə verməsini tənqid edib.
Mənbə: BBC
Hazırladı : Jalə Əliyeva
Gundelik.az

