Ötən ilin sentyabrında Pekindəki Tiananmen Square meydanında gəzərkən Çin Prezidenti Xi Jinping və Rusiya Prezidenti Vladimir Putin insan ömrünün orqan transplantasiyası sayəsində əhəmiyyətli dərəcədə uzadıla bilməsi barədə söhbət edirdilər.
Putinin tərcüməçisi belə deyib:
“İnsan orqanlarını davamlı şəkildə transplantasiya etmək olar. Nə qədər çox yaşasan, bir o qədər cavanlaşırsan və hətta ölümsüzlüyə də çata bilərsən.”
Buna cavab olaraq Sinin tərcüməçisi isə deyib:
“Bəziləri proqnozlaşdırır ki, bu əsrdə insanlar 150 ilə qədər yaşaya biləcəklər.”
Bu söhbət bir-birini “ən yaxın dost” adlandıran və ümumilikdə artıq 39 ildir hakimiyyətdə olan iki güclü lider üçün olduqca uyğun görünürdü. Hər ikisinin də yaxın zamanda vəzifədən getmək niyyəti görünmür.
Bu dialoq əslində çoxlarının tam anlaya bilmədiyi münasibətə nadir bir baxış idi. Qeyri-rəsmi şəkildə eşidilən bu qısa söhbət son dərəcə gizli saxlanılan münasibətlərin azsaylı nümunələrindən biridir.
Putin bu həftə yenidən Pekinə səfər edəcək. Bu səfər Rusiya ilə Çin arasında imzalanmış “Yaxşı Qonşuluq və Dostluq Əməkdaşlığı Müqaviləsi”nin 25 illiyinə təsadüf edir.
ABŞ Prezidenti Donald Trump ötən həftə Si Cinpinlə görüşəndə onu qızılı qab-qacaqla təşkil olunan möhtəşəm ziyafətlər və qədim məbədə səfərlə qarşılamışdılar. Putinin səfəri isə daha sakit və təvazökar görünür. Səfərlə bağlı əvvəlcədən çox az məlumat açıqlanıb.
Kremlin sözçüsü bildirib ki, onlar Tramp ilə Si arasında keçirilən görüş barədə məlumatı birbaşa eşitmək istəyirlər.
Məlumata görə, Si Cinpin ötən həftə Tramp ilə adətən xarici qonaqlar üçün bağlı olan Zhongnanhai kompleksində gəzərkən dostu Putinin adını çəkib və zarafatla deyib ki, Putin əvvəllər də Pekinin siyasi mərkəzində olub.
Vaşinqtonda bəziləri ümid edirdi ki, Tramp Pekini Moskvadan uzaqlaşdıra bilər. Lakin görünür, bu ümidlər reallıqdan çox uzaqdır.
Son illərdə Çin və Rusiya münasibətlərini “məhdudiyyətsiz dostluq” adlandırırlar. Bəs bu münasibət nəyə əsaslanır və bu yaxınlıq nə qədər davam edə bilər?
Çin şərtləri ilə qurulan münasibət
Ekspertlər bildirirlər ki, bu münasibət balanslı deyil və iki ölkə arasında əldə olunan razılaşmalar əsasən Çinin şərtləri ilə formalaşır.
Carnegie Russia Eurasia Center təşkilatının direktoru Aleksandr Qabuyev deyir:
“Rusiya tamamilə Çinin təsiri altındadır və şərtləri Çin diktə edə bilir.”
Bu fərq xüsusilə iqtisadi sahədə açıq görünür. Çin Rusiyanın ən böyük ticarət tərəfdaşıdır, amma Rusiya Çinin ümumi xarici ticarətinin cəmi 4 faizini təşkil edir. Çin Rusiyaya ən çox məhsul ixrac edən ölkədir və onun iqtisadiyyatı Rusiyadan qat-qat böyükdür.
Qərbin uzun illər davam edən sanksiyaları Moskvanı getdikcə Pekinlə daha sıx iqtisadi əlaqələr qurmağa məcbur edib.
ABŞ tərəfindən sanksiyaya məruz qalan və Britaniyada 5G şəbəkələrindən uzaqlaşdırılan Huawei şirkəti Qərb şirkətlərinin boşaltdığı yerdən istifadə edərək Rusiyanın telekommunikasiya sektorunda əsas oyunçulardan birinə çevrilib.
Qərblə münasibətləri zəiflədikcə Çin Rusiya üçün texnologiya, elm və sənaye sahələrində əsas tərəfdaşa çevrilib.
Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan sonra Moskva hərbi sənaye üçün lazım olan komponentlərdə də Çindən daha çox asılı vəziyyətə düşüb.
Bloomberg agentliyinin son hesabatına görə, Rusiya sanksiyaya məruz qalan texnologiyaların 90 faizindən çoxunu Çindən idxal edir. Bu göstərici əvvəlki illə müqayisədə 10 faiz artıb.
Bununla belə, Moskva bu balanssızlığın risklərini yaxşı anlayır.
Russian International Affairs Council təşkilatının rəhbəri Dmitri Trenin “Heç kimə boyun əymirik” adlı məqaləsində yazıb ki, Rusiya Çinin vassalına çevrilmək istəmir.
O bildirib:
“Münasibətlərdə bərabərliyi qorumaq bizim üçün həyati əhəmiyyət daşıyır. Rusiya böyük dövlətdir və kiçik tərəfdaş ola bilməz.”
Buna baxmayaraq, Moskvanın Pekindən başqa real alternativləri çox azdır. Çin Rusiyanın iqtisadi həyatda qalması üçün vacib bazardır. Əgər Pekin Moskva ilə ticarəti azaltsa, bu, Rusiyanın xarici siyasət planlarını ciddi şəkildə çətinləşdirə bilər.
Pekin niyə Moskvanı sıxmır?
Ekspertlərin fikrincə, Çin bu münasibətlərdə üstün tərəf olsa da, Rusiyaya qarşı həddindən artıq təzyiq göstərməməyə çalışır.
University of Glasgow universitetinin təhlükəsizlik üzrə mütəxəssisi Marçin Kaçmarski deyir ki, Çin bu qeyri-bərabərliyin fərqindədir və Rusiyada, xüsusilə də elita daxilində narazılıq yaratmaq istəmir.
Onun sözlərinə görə:
“Çinin Rusiyaya qarşı siyasətini bir sözlə izah etmək olar: özünü məhdudlaşdırmaq. Çin Rusiyanı sıxışdırmır.”
Çünki Rusiya zəif tərəf olsa da, qürurlu dövlətdir.
Aleksandr Qabuyev qeyd edir ki, Çin Rusiyaya təzyiq göstərməyə çalışsa belə, Moskva bunu dərhal qəbul edəcək ölkə deyil.
O, nümunə kimi 2023-cü ildə Si Cinpinin Moskvaya səfərini göstərir. Həmin vaxt Çin liderinin Putinə Ukraynada nüvə silahından istifadə etməməyi tövsiyə etdiyi bildirilirdi. Lakin bir neçə gün sonra Rusiya Belarusda nüvə silahı yerləşdirəcəyini açıqladı. Bu addım Moskvanın xarici təzyiqlərə boyun əymədiyini göstərmək kimi qiymətləndirildi.
Ukrayna müharibəsi və Tayvan hesablaması
Rusiyanın Ukraynada apardığı uzunmüddətli müharibə Pekin üçün həm risk, həm də imkan sayılır.
Ekspertlər hesab edir ki, Çin Tayvana mümkün müdaxilə ehtimalını nəzərdən keçirərkən Rusiyanın təcrübəsini diqqətlə izləyir.
Qabuyev bildirir ki, Rusiya hələ də müəyyən hərbi texnologiyalar və xüsusi avadanlıqlar sahəsində Çinə fayda verir. Bundan əlavə, Çin bəzi texnologiya və komponentlərini Rusiya üzərində sınaqdan keçirə bilir.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
