Pekinin Meta ilə Manus arasında planlaşdırılan razılaşmanı dayandırması, süni intellektin artıq qlobal rəqabətdə kritik rol oynadığını bir daha göstərdi. Ekspertlərin fikrincə, bu addım beynəlxalq investisiya balansına da ciddi təsir edə bilər.
Çin ilə ABŞ arasında süni intellekt sahəsində rəqabət dünya texnologiya və maliyyə bazarlarını sarsıtmağa davam edir. Son hadisə kimi Pekin rəhbərliyinin Meta-nın çinli startap Manus-u alma cəhdini bloklaması, bu qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir.
Vuhan şəhərində üç mühəndis tərəfindən qurulan Manus, müstəqil şəkildə tapşırıqları yerinə yetirə bilən süni intellekt agenti ilə qısa müddətdə diqqət çəkmişdi. 2025-ci ilin sonunda Meta ilə təxminən 2 milyard dollarlıq satış razılaşmasına gəlməsi, Çin startaplarının qlobal bazara çıxışı baxımından mühüm addım sayılırdı.
Lakin Çin hökuməti şirkətin rəhbəri Xiao Hong və baş alim Ji Yichao üçün ölkədən çıxışa qadağa tətbiq edib. Bundan əlavə, National Development and Reform Commission tərəfindən aparılan araşdırma zamanı satış prosesində investisiya qaydalarının pozulduğu müəyyən olunub.
The New York Times tərəfindən yayımlanan təhlilə görə, bu qərar Çinin süni intellekt texnologiyalarını artıq açıq şəkildə “strateji aktiv” kimi qiymətləndirdiyini ortaya qoyur.
Bu hadisə Vaşinqton və Pekin arasında yüksək texnologiyalar üzərindən gedən geosiyasi rəqabəti daha da dərinləşdirib. Məlumatlara görə, 2021-ci ildən bəri Çin şirkətləri ilə xarici investorlar arasındakı razılaşmalar kəskin azalıb. 2024-cü ildə əməliyyatların sayı 73% düşüb, ümumi həcm isə 54 milyard dollardan 7,8 milyard dollara enib.
Artan siyasi və tənzimləmə riskləri investor davranışını dəyişir. Çin startapları daha çox yerli kapitala yönəlir, ABŞ mərkəzli fondlar isə Çin bazarından geri çəkilməyə başlayır.
Bəzi şirkətlər isə qloballaşmaq üçün alternativ yollar axtarır. Məsələn, ByteDance və Shein kimi şirkətlər mərkəzlərini Sinqapura köçürüblər. Manus da oxşar addım ataraq qısa müddətdə Sinqapura yerləşmişdi.
Çin Kommunist Partiyasına yaxın olan Global Times isə qərarın geosiyasi deyil, təhlükəsizlik səbəbləri ilə verildiyini bildirir. Təhlildə qeyd olunur ki, süni intellekt və məlumat əsaslı razılaşmalar artıq adi kommersiya əməliyyatı kimi qiymətləndirilə bilməz və dövlət nəzarəti qaçılmazdır.
Ekspertlər hesab edir ki, Pekinin bu müdaxiləsi təkcə Meta–Manus razılaşmasını deyil, gələcəkdə oxşar texnologiya investisiyalarını da birbaşa təsirləndirəcək.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

