İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Ceff Bezosun anası vəfat edib

“Amazon” şirkətinin qurucusu Ceff Bezosun anası Jaklin Bezos uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, o, avqustun 14-də Mayamidəki evində, ailəsinin – övladlarının, nəvələrinin və həyat yoldaşının əhatəsində vəfat edib.

Ceff Bezos şəxsi bloqunda anasının xatirələrini bölüşərək onun fotosunu paylaşıb:

“Anam Lewy Body Dementia ilə uzun mübarizədən sonra sevdiklərinin əhatəsində dünyasını tərk etdi. Bilirəm ki, son anlarında sevgimizi hiss edib. Onun həyatımızda olması böyük xoşbəxtlik idi. Onu əbədi olaraq ürəyimdə daşıyacağam. Səni sevirəm, ana”.

61 yaşlı milyarderin həyat yoldaşı Lauren Sançez də sosial şəbəkədə başsağlığı verib: “Onun üçün çox darıxacağıq. Səni sevirik.”

Ailə Jaklinin sağlığında ona qayğı göstərən tibb bacılarına və həkimlərə təşəkkür edib. Çiçəklər göndərmək əvəzinə, dost və tanışlardan onun xatirəsinə xeyriyyə işlərinə dəstək göstərmələri xahiş olunub.

Məşhurlar da Bezos ailəsinə başsağlığı veriblər. Aktyor Antonio Banderas, “Ən dərin hüznlə başsağlığı verirəm, bu çətin anlarda sizə güc arzulayıram”, aktrisa Şeron Stoun isə, “Səmimi başsağlığı verirəm. Mən də indicə anamı itirdim”, sözlərini yazıb.

Gundelik.az