Yaponiyada aparılan yeni araşdırma qanda C vitamininin səviyyəsi ilə beyin sağlamlığı arasında əlaqə ola biləcəyini göstərib. 2 mindən çox yaşlı insanın iştirak etdiyi tədqiqatda C vitamini səviyyəsi aşağı olan şəxslərdə yaddaş və diqqətə cavabdeh beyin nahiyələrində müəyyən fərqlər aşkarlanıb.
Hirosaki Universiteti tərəfindən aparılan və PLOS One jurnalında dərc olunan araşdırmada 2 044 yaşlı iştirakçının beyin MRT görüntüləri və qan nümunələri təhlil edilib. Nəticələr göstərib ki, C vitamini az olan şəxslərdə yaddaş və diqqətlə əlaqəli boz maddənin həcmi daha az, sinir şəbəkələri arasındakı əlaqələr isə daha zəif olub.
Tədqiqatda xüsusilə beynin idrak funksiyalarında mühüm rol oynayan “varsayılan rejim şəbəkəsi” (Default Mode Network) diqqət mərkəzində olub. Alimlər müəyyən ediblər ki, qanda C vitamini səviyyəsi aşağı olan insanlarda bu şəbəkə daxilində struktur əlaqələr daha zəifdir.
Araşdırma zamanı yaş, təhsil səviyyəsi və fiziki aktivlik kimi amillər də nəzərə alınıb. Bununla belə, tədqiqatçılar vurğulayıblar ki, bu müşahidə xarakterli araşdırmadır və C vitamininin beyni birbaşa qoruduğunu sübut etmir. Yalnız C vitamini səviyyəsi ilə bəzi beyin strukturları arasında statistik əlaqə müəyyən olunub.
Tədqiqat müəlliflərindən Tomohiro Shintaku bildirib ki, qanda C vitamininin daha yüksək səviyyəsi idrak funksiyaları üçün vacib olan beyin şəbəkələrinin daha yaxşı qorunması ilə əlaqələndirilir. Onun sözlərinə görə, C vitamini ilə zəngin qidalanma yaşlı insanlarda beyin sağlamlığını dəstəkləyə və yaşla bağlı idrak geriləməsinin azalmasına kömək edə bilər. Bunun dəqiqləşdirilməsi üçün isə daha genişmiqyaslı araşdırmalara ehtiyac var.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

