“Cənubi Qafqaz” boru kəməri (CQBK) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş qaz kəməridir. Səngəçal terminalından başlayan bu kəmər – CQBK 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.
CQD-nin yaradılmasına dair işlərə başlanıldıqdan sonra Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilmə layihəsi olan CQBKG kommersiya qazını Türkiyəyə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında çatdırıb.
Coğrafiyası
Kəmər Türkiyə sərhədinədək Azərbaycan və Gürcüstanda BTC neft kəməri ilə eyni marşrutdadır. Belə ki, ətraf mühitə və sosial sahəyə təsirlərin minimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində əsaslı və əməliyyat xərclərinə qənaət edilməsinə nail olmaq məqsədilə bu kəmər BTC neft ixracı kəməri ilə birlikdə eyni tikinti dəhlizində inşa olunmuşdur. Kəmər Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Boru kəməri Səngəçaldan Türkiyə sərhədinə qədər 691 km məsafədə uzanır. Onun Azərbaycan üzərindən keçən hissəsinin uzunluğu 443 km, Gürcüstandan keçən hissəsinin uzunluğu isə 248 km-dir.
Texniki-iqtisadi göstəriciləri
Diametri 42 düym olan CQBK-nin istismar əməliyyatlarına və tikintisinə Cənubi Qafqaz Boru Kəməri Şirkəti (CQBK Co) cavabdeh olmuşdur. 20 mart 2020-ci il tarixindən isə kəmərin texniki operatorluğu BP-dən SOCAR Midstream Operations MMC-yə keçidi prosesinə başlanılmışdır. BP və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv şəkildə həyata keçirmək üçün sıx əməkdaşlıq etmiş və keçid prosesini 2021-ci il avqustun 1-də başa çatdırmışdır.
Bu keçid 2013-cü ilin dekabr ayında imzalanmış CQBK şirkətinin Boru Kəməri Sahibləri Sazişinin yenilənmiş variantında nəzərdə tutulmuş öhdəliklərə uyğun yerinə yetirilmişdir. Eyni zamanda, texniki operatorluğun ötürülməsi Şahdənizin işlənilməsinin 2-ci fazası və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri üzrə Yekun İnvestisiya Qərarının bir hissəsi olaraq baş tutmuşdur.
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsinin əsas texniki-iqtisadi göstəriciləri isə daha yüksəkdir. 7.4 milyard kubmetr ötürmə qabiliyyəti olan boru kəmərinin genişləndirilmə nəticəsində ötürmə qabiliyyəti illik 24 milyard kubmetr olmuşdur. Hətta illik ötürmə qabiliyyətinin daha da artırılaraq 34 milyard kubmetrə çatdırılması mümkündür.
Azərbaycan ərazisində genişlənən CQBKG boru kəmərinin uzunluğu 424 km, Gürcüstan ərazisində isə 63 km-dir. Bu boru kəmərinin TANAP-la arabağlantısı isə daha 2 km məsafəni əhatə edir.
Boru kəmərinin səhmdarlarına gəldikdə isə bura 29.99% payla BP başçılıq edir. Daha sonra CQD 21.02%, Lukoil 19.99%, NICO 10% və TPAO 19% paya sahibdir.
Qeyd: Bu pay bölgüsü 01.01.2024-cü il üzrə olan göstəricidir. Tərəfdaşların və payların dəyişmə ehtimalı hər zaman vardır.
Boru kəmərinin genişləndirilməmiş və genişləndirilmiş halları üzrə texniki göstəricilər aşağıdakı kimidir:
CQBK CQBKG
Borunun diametri 42 düym 48 düym
Borunun ümumi uzunluğu 692 km 489 km
Borunun Azərbaycanda uzunluğu 443 km 424 km
Borunun Gürcüstanda uzunluğu 249 km 63 km
Gürcüstan–Türkiyə sərhədində
TANAP-la ara bağlantısı – 2 km
Perspektiv: təchizat və tələb
CQBK-nın perspektivi bir neçə amildən asılıdır. Bunlardan birincisi, təchizat sisteminin dayanıqlığı, ikincisi, idxalçı tərəflərin tələbat səviyyəsi, üçüncüsü isə Cənub Qaz Dəhlizi üzrə digər boru kəmərlərinin, eləcə də CQBK-nın özünün texniki yararlılıq müddətidir.
CQBK təchizat sisteminin dayanıqlığı Şahdəniz yatağının perspektivləri ilə daha çox bağlıdır. Bu yatağın yüksələn perspektiv potensialı kəmərin qaz təchizatında hər hansı problemin olmayacağını deməyə əsas verir. Nəzərə alsaq ki, Azərbaycanın qaz ehtiyatları yalnız Şahdəniz yatağı ilə bağlı deyil, Abşeron yatağınının və digər perspektiv yataqların da kifayət qədər ehtiyatları mövcuddur.
Eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri–Çıraq–Günəşli” yataqlar blokunda (AÇG) dərin laylardan qaz hasilatına qarşıdakı illərdə başlanılması ilə bağlı gözləntilər vardır. Bütün bunlar kəmərin təchizatı ilə bağlı hər hansı ciddi risklərin olmayacağını deməyə əsas verir.
İdxalçı tərəflərin tələbat səviyyəsinin isə durmadan artması ehtimalı yüksəkdir. Bura təkcə mövcud tərəfdaşların artan tələbatını deyil, eyni zamanda, yeni-yeni idxalçı ölkələrin müraciətlərinin olacağını aid etmək olar. Avropanın enerji bazarında baş verənlər və enerji idxalının diversifikasiyasına dair aparılan siyasət bunu əminliklə deməyə əsas verir.
Həmçinin CQD-nin dörd layihəsinin hər birinin perspektivi özündən sonrakı layihə ilə müqayisədə daha genişdir. Çünki onlar özündən sonrakı kəmərin təchizatını təmin etməkdən əlavə, həm də keçdikləri coğrafiyanın qaz təchizatına töhfə verirlər. Odur ki, CQD üzrə olan bütün kəmərlərin perspektivləri çox oxşardır.
İqtisadçı Eldəniz Əmirov
Gundelik.az
