İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Cənubi Osetiya prezidenti Gürcüstanı işğal şüarlarını təbliğ etməkdə ittiham edib

Cənubi Osetiya Prezidenti Alan Qaqloyev Gürcüstanı beynəlxalq platformalarda “Rusiya işğalı” və “işğal olunmuş ərazilər” mövzularını təbliğ etməkdə ittiham edib.

Gundelik.az-ın məlumatına görə, TASS-a müsahibəsində Qaqloyev bildirib ki, rəsmi Tbilisi bu mövzunu daim gündəmdə saxlayır və bunun üçün müxtəlif beynəlxalq tribunaları istifadə edir. O, Gürcüstanda keçmiş prezident Mixail Saakaşvili dövründə qəbul edilmiş “işğal olunmuş ərazilər haqqında” qanunun hələ də qüvvədə olduğunu xatırladaraq, həmin qanunun Cənubi Osetiya və Abxaziyaya qarşı “blokada rejimi” yaratdığını vurğulayıb.

Qaqloyevin sözlərinə görə, Gürcüstan rəhbərliyinin sülhə sadiqliklə bağlı bəyanatları və hətta üzr istəməyə hazır olduqlarını açıqlamaları real addımlarla təsdiqini tapmır.

Xatırladaq ki, avqustun 8-də Gürcüstanın baş naziri İrakli Kobaxidze açıqlama verərək, 2008-ci ildə Rusiyayla müharibənin Saakaşvili rejiminin “dərin dövlət”in göstərişi ilə başladığını qeyd etmişdi.

2008-ci ilin avqustunda Gürcüstan ordusu Cənubi Osetiyaya daxil olmuş, buna cavab olaraq Rusiya hərbi müdaxilə etmişdi. Beş günlük döyüşlərdən sonra Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımışdı. Gürcüstan isə bu əraziləri işğal olunmuş hesab edir.

Qeyd edək ki, ABŞ həmin vaxt BMT Təhlükəsizlik Şurasında Rusiyanın Gürcüstana qarşı hərəkətlərini pisləməkdən imtina etmişdi.

Gundelik.az