Cənubi Koreyanın yeni prezidenti Li Çje Myunq bildirib ki, o, Şimali Koreya ilə dialoqu davam etdirəcək, eyni zamanda ABŞ və Yaponiya ilə üçtərəfli tərəfdaşlığı gücləndirəcək.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, andiçmə mərasimində çıxışında deyib.
“Biz Koreya yarımadasında davamlı sülhün bərqərar olması üçün rabitə kanallarını açacaq və Şimalla dialoqu və əməkdaşlığı davam etdirəcəyik”, – Li Çje Myunq bildirib.
Bununla belə, o qeyd edib ki, onun hökuməti Cənubi Koreya, ABŞ və Yaponiya arasında güclü hərbi ittifaq əsasında “güclü çəkindirmə” ilə potensial Şimali Koreya təhlükəsi ilə mübarizə aparacaq.
“Biz Cənubi Koreya, ABŞ və Yaponiya arasında güclü Koreya-ABŞ müttəfiqliyinə əsaslanan əməkdaşlığı gücləndirəcəyik və qonşu ölkələrlə münasibətlərə praqmatizm və milli maraqlar prizmasından yanaşacağıq”, – Cənubi Koreyanın yeni seçilmiş prezidenti vurğulayıb.
“Milli maraqlara əsaslanan praqmatik diplomatiya vasitəsilə biz qlobal iqtisadiyyatda və təhlükəsizlik sferasında baş verən böyük dəyişikliklərin yaratdığı böhranı milli maraqlarımızı maksimum dərəcədə reallaşdırmaq fürsətinə çevirəcəyik”, – deyə o əlavə edib.
Çərşənbə günü səhər Milli Seçki Komissiyası Li Çje Myungun prezident seçkilərində qələbəsini rəsmən təsdiqləyib.
Gundelik.az

