O, illərlə səngərlərin səsini, torpağın qoxusunu, Vətənin nəfəsini lentə alan, müharibənin alovunda reportajları ilə yadda qalan, indi isə doğma Xankəndidə yenidən həyat quran bir jurnalist – Şamxal Adıgözəlovdur … İndi onun hər günü qələbənin, qayıdışın və Vətən sevgisinin səssiz şeiridir.
“Doğma Xankəndidə yaşayıb işləmək mənim üçün ən böyük xoşbəxtlikdir” – deyən jurnalist Şamxal Adıgözəlovla müsahibəni siz Gundelik.az oxucularına təqdim edirik:
Mənim jurnalistikaya gəlişim təsadüfi olmadı. Uşaqlıqdan sözün, informasiyanın gücünə inanırdım. 2006-ci ildən müxtəlif media orqanlarında çalışmağa başladım. İlk iş yerim Trend informasiya agentliyinin Qarabağ bölgə müxbiri oldu. Əsas fəaliyyətim Qarabağla bağlı olub. Uzun illər, 2007- ci ildən etibarən Xəzər Televiziyasının Qarabağ üzrə bölgə müxbiri kimi çalışdım, sonralar eyni zamanda, Report İnformasiya agentliyində, Baku TV-nin Qarabağ bürosunda fəaliyyət göstərdim. Mənim üçün bu sahə sadəcə peşə deyil, bir missiya idi. Qarabağın həqiqətlərini dünyaya çatdırmaq.

