Burun tıxanması çox vaxt soyuqdəymə, qrip və ya allergiya ilə əlaqələndirilsə də, uzun müddət davam edən şikayətlərin arxasında fərqli səbəblər dayanır. Xüsusilə birtərəfli burun tıxanması, xoruldama və gecələr ağızdan nəfəs alma kimi əlamətlər mühüm ipucları verir. Mütəxəssislər həmçinin bəzi burun spreylərinin nəzarətsiz istifadəsinin zaman keçdikcə tıxanıqlığı daha da artıra biləcəyi barədə xəbərdarlıq edirlər.
Demək olar ki, hər kəsin zaman-zaman yaşadığı burun tıxanması müvəqqəti narahatlıq kimi qəbul edilsə də, uzun müddət davam etdikdə və ya tez-tez təkrarladıqda orqanizmin verdiyi mühüm siqnal olur. Burun tıxanması yalnız soyuqdəymə, qrip və ya mövsümi allergiyalar səbəbindən yaranmır.
Körpələrdən uşaqlara, böyüklərdən yaşlı insanlara qədər bütün yaş qruplarında görülə bilən bu problem uzun müddət davam etdikdə həyat keyfiyyətini ciddi şəkildə aşağı salır.
Mütəxəssislər xüsusilə tez-tez təkrarlanan və keçməyən burun tıxanmasının altında müxtəlif sağlamlıq problemlərinin ola biləcəyinə diqqət çəkirlər.
Burundan rahat nəfəs ala bilməmək yuxu keyfiyyətinin pozulmasına, ağızdan nəfəs almağa, xoruldamağa və gün ərzində yorğunluq hissinə səbəb olur. Buna görə də burun tıxanmasını yalnız müvəqqəti narahatlıq kimi qəbul etmək və burun spreylərindən nəzarətsiz istifadə etmək düzgün deyil.
BURUNU MÜNTƏZƏM TƏMİZLƏYİN
Burun daxilindəki ifrazatların qatılaşması və quruması tıxanıqlıq hissinin artmasına səbəb olur.
Xüsusilə quru havalarda burun daxilinin nəm saxlanılması vacibdir.
Fizioloji məhlul və ya duzlu su tərkibli uyğun burun məhlulları ifrazatların təmizlənməsinə və nəfəs almanın asanlaşmasına kömək edir.
Burunu təmizləyərkən isə güclü və təzyiqli şəkildə sümkürmək əvəzinə, burun toxumalarını qıcıqlandırmayacaq şəkildə yumşaq davranmaq tövsiyə olunur.
KİFAYƏT QƏDƏR SU İÇMƏYƏ DİQQƏT EDİN
Gün ərzində kifayət qədər maye qəbul etmək orqanizmin su balansının qorunması ilə yanaşı, burun ifrazatlarının qatılaşmasının qarşısının alınmasına da kömək edir.
Xüsusilə xəstəlik zamanı və isti havalarda su qəbulunun artırılması burunda quruluq və tıxanıqlıq hissinin azalmasına kömək edir.
UZUNMÜDDƏTLİ BURUN TIXANMASININ SƏBƏBİ ARAŞDIRILMALIDIR
Burun tıxanması uzun müddət davam etdikdə problemin altında struktur və ya tibbi səbəb ola bilər.
Burun sümüyü və qığırdağındakı əyriliklər, burun ətlərinin böyüməsi, sinusit, burun polipləri və bəzi hallarda digər törəmələr nəfəs almağı çətinləşdirir.
Uşaqlarda isə adenoid vəzinin, yəni burun-udlaq ətinin (geniz ətinin) böyüməsi ən çox rast gəlinən səbəblər arasında yer alır.
Qulaq-Burun-Boğaz (QBB) xəstəlikləri üzrə mütəxəssis Dr. Artunç Kaan Turanoğlu xüsusilə tıxanıqlığın davamlı şəkildə təkrarlanması, birtərəfli olması, gecələr ağızdan nəfəs alma və ya xoruldama kimi şikayətlərlə birlikdə müşahidə edilməsi halında QBB mütəxəssisinə müraciət edilməli olduğunu bildirir.
MÜHİTİN RÜTUBƏT SƏVİYYƏSİNİ QORUYUN
Həddindən artıq quru hava burun selikli qişasının qurumasına və qıcıqlanmasına səbəb olaraq tıxanıqlıq hissini artırır.
Bu səbəbdən ev və iş yerlərinin mütəmadi olaraq havalandırılması vacibdir. Lakin mühitin həddindən artıq rütubətli olması da kif və ev tozu gənələrinin çoxalmasına səbəb olur.
Buna görə də yaşayış məkanlarında rütubət səviyyəsinin təxminən 40–60 faiz arasında saxlanılması tövsiyə olunur.
ALLERGİYAYA SƏBƏB OLAN AMİLLƏRDƏN UZAQ DURUN
Burun tıxanmasının geniş yayılmış səbəblərindən biri də allergik rinitdir.
Polen, ev tozu gənələri, heyvan tükü və kif kimi allergenlər həssas insanlarda burun selikli qişasında reaksiyaya səbəb olur.
Bu vəziyyət yalnız burun tıxanması ilə deyil, həmçinin asqırma, burun axması və qaşınma kimi şikayətlərlə də özünü göstərir.
Əlamətlər xüsusilə müəyyən fəsillərdə və ya müəyyən mühitlərdə artırsa, allergiya ehtimalının araşdırılması vacibdir.
BURUN AÇICI SPREYLƏRDƏN NƏZARƏTSİZ İSTİFADƏ ETMƏYİN
Bəzi burun açıcı spreylər istifadə edildikdən qısa müddət sonra rahatlama təmin edir. Lakin damarları daraldan xüsusiyyətə malik spreylərin uzun müddət və həkim nəzarəti olmadan istifadəsi əks təsir göstərir.
Nəzarətsiz istifadə nəticəsində burun toxumalarında yenidən şişkinlik yaranır və insan sprey istifadə etmədən rahat nəfəs ala bilmədiyini düşünməyə başlayır.
Bu vəziyyət zaman keçdikcə burun tıxanmasının daha da artmasına və spreydən istifadənin davamlı hal almasına səbəb olur.
Bu səbəbdən burun açıcı spreylər həkim məsləhəti əsasında və göstərilən müddət ərzində istifadə edilməlidir.
Uzun müddətdir burun spreyi istifadə edən, lakin buna baxmayaraq tıxanıqlıq şikayəti davam edən şəxslərə isə QBB mütəxəssisinə müraciət etmək tövsiyə olunur.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
