Bu gün Azərbaycanda Bilik günüdür.
Gundelik.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.
2026–2027-ci tədris ili üzrə 124 mindən çox uşaq birinci sinfə başlayacaq.
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 504 413 şagirdin təhsil alacağı gözlənilir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 999, IX sinfində 49 167, XI sinfində 39 479, XII sinfində isə 99 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 863 beşyaşlının cəlb olunması nəzərdə tutulur.
Yeni tədris ilində ölkə üzrə bütün təhsil səviyyələrində təqribən 2,2 milyon nəfərin təhsil alacağı gözlənilir. Onlardan 226 min nəfər məktəbəqədər, 1,6 milyon nəfər ümumi, 44 min nəfər peşə, 64 min nəfər orta ixtisas, 260 min nəfər isə ali təhsil alanlardır.
