Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) dələduzluqdan terror cinayətlərinə qədər müxtəlif qanunsuz fəaliyyətlərdə istifadə edilən, başqalarının adına rəsmiləşdirilən saxta mobil xətlərin qarşısını almaq üçün yeni tədbirlər tətbiq edib.
Elektron təsdiqlənməyən sənədlərlə xətt almaq mümkün olmayacaq
Yeni qaydalara əsasən, elektron şəkildə doğrulanması mümkün olmayan sürücülük vəsiqəsi, köhnə şəxsiyyət vəsiqəsi, peşə kartı və oxşar sənədlərlə mobil rabitə abunəliyi rəsmiləşdirilməyəcək.
Abunə zamanı şəxsin kimliyi və təqdim etdiyi sənədin həqiqi sahibinə məxsus olması aşağıdakı üsullarla yoxlanılacaq:
üz tanıma sistemi,
barmaq izi məlumatının xülasəsi,
e-Devlet şifrəsi,
Türkiyə Cümhuriyyəti şəxsiyyət vəsiqəsinin elektron təsdiqi.
Şəxsiyyət vəsiqəsi itirildikdə və ya yenilənərkən, müvəqqəti şəxsiyyət sənədi və biometrik məlumatlar vasitəsilə abunə açmaq mümkün olacaq.
Xarici vətəndaşlar üçün də ciddi yoxlama
Xarici vətəndaşların kimliyi elektron təsdiq imkanı olan milli və ya beynəlxalq sənədlərlə yoxlanılacaq. Belə sənədləri olmayanların məlumatları Göç-Bil sistemi üzərindən biometrik üsullarla təsdiqlənəcək. Diplomatların kimliyi isə e-Devlet vasitəsilə Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənəcək.
Bir nəfərin adına açıla biləcək xətt sayı məhdudlaşdırılır
Yeni qaydalara görə:
Türkiyə vətəndaşları – maksimum 6 xətt,
Xarici vətəndaşlar – maksimum 3 xətt,
Turistlər – maksimum 1 xətt əldə edə biləcəklər.
Bu limitdən artıq xətti olan fiziki və hüquqi şəxslərə xətlərini 6 ay ərzində başqa şəxsə ötürmək və ya ləğv etmək imkanı veriləcək və bu proses ödənişsiz olacaq.
Aktiv olmayan xətlər bağlanacaq
Mobil operatorlar hər 3 aydan bir mövcud abonələrin aktivliyini yoxlayacaq. Ölüm, fəaliyyət icazəsinin ləğvi və ya digər səbəblərlə sahibinin təsdiqlənmədiyi xətlər bağlanacaq ki, onların qanunsuz istifadəsinin qarşısı alınsın.
Bundan əlavə, xarici vətəndaşların adına olan xətlər yenidən yoxlanılacaq və təsdiqlənməyən saxta xətlər 6 ay ərzində bağlanacaq.
Qaydalar nə vaxt qüvvəyə minəcək?
Saxta mobil xətlərin qarşısının alınmasına yönəlmiş bu yeni tədbirlər 25 iyun 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

