İyul 21, 2026
Baku
Dünya Xəbərlər

Brent neftinin qiyməti 88,32 dollara düşdü

Brent markalı neftin bir barelinin qiyməti beynəlxalq əmtəə birjalarında 88,32 ABŞ dolları səviyyəsində ticarət olunur.

Dünən 91,42 dollara qədər bahalaşan Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti günü 89,22 dollardan bağlayıb.

Bu gün saat 09:29-a olan məlumata görə, Brent neftinin qiyməti bağlanışla müqayisədə təxminən 1 faiz azalaraq 88,32 dollara enib. Eyni vaxtda WTI (Qərbi Texas) markalı xam neftin bir barreli isə 81,98 dollardan satılıb.

Qiymətlərin enməsinə səbəb ABŞ və İran arasında 10 günlük atəşkəs əldə olunması ilə bağlı diplomatik təşəbbüslərin bazarda təkliflə bağlı narahatlıqları azaltması olub.

CNN-in məlumatına görə, adları açıqlanmayan ABŞ rəsmiləri Vaşinqton və Tehran nümayəndələrinin gərginliyi azaltmaq məqsədilə 10 günlük atəşkəs variantını müzakirə etdiyini bildiriblər. Ehtimal olunan razılaşmaya Hörmüz boğazındakı məhdudiyyətlərin aradan qaldırılması da daxil ola bilər.

Bununla yanaşı, diplomatik səylərə baxmayaraq, bölgədə hərbi əməliyyatlar davam edir. ABŞ ordusu gecə saatlarında İranın İsfahan, Şiraz, Çabahar, Kunarek, Bəndər Lenge, Sirik və Abadan şəhərlərinə zərbələr endirib. Vaşinqton bu hücumların məqsədinin İranın Hörmüz boğazı sahilindəki hərbi imkanlarını zəiflətmək olduğunu açıqlayıb.

İran isə cavab olaraq “Nəsr 2” əməliyyatının 24-cü mərhələsi çərçivəsində Bəhreyn və Küveytdəki ABŞ hərbi hədəflərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini bildirib. İran mediası həmçinin Hörmüz boğazında təhlükəli ərazidən keçməyə çalışan iki neft tankerində partlayış baş verdiyini iddia edib.

Digər tərəfdən, husilərin hərbi sözçüsü Yəhya Səri Səudiyyə Ərəbistanını Yəmənə qarşı uzun illərdir blokada tətbiq etməkdə ittiham edərək, buna cavab olaraq Ər-Riyada qarşı dəniz blokadası elan etdiklərini açıqlayıb.

Hörmüz boğazında təhlükəsizlik risklərinin artması, tanker daşımaları ilə bağlı narahatlıqlar və husilərin təhdidləri qlobal neft təchizatı ilə bağlı riskləri yüksək səviyyədə saxlayır.

Texniki təhlillərə görə, 87,76 dollar Brent nefti üçün dəstək, 89,08 dollar isə müqavimət səviyyəsi hesab olunur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az