Gundelik.az Dünya Brent neftinin bir barelinin qiyməti 80 dollardan aşağı düşdü
Dünya Xəbərlər

Brent neftinin bir barelinin qiyməti 80 dollardan aşağı düşdü

Brent markalı neftin fyuçers bazarında bir barelinin qiyməti ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı nikbinlik fonunda 80 dollar həddindən aşağı enib.

Hörmüz boğazının yenidən açılması ehtimalı, fiziki tələbin zəifləməsi və İranla müharibəni bitirə biləcək ilkin razılaşmanın təfərrüatlarının hələ tam məlum olmaması səbəbindən neft qiymətləri təxminən 3% ucuzlaşaraq son üç ayın ən aşağı səviyyəsinə düşüb.

Brent neftinin bir barelinin qiyməti 3% azalaraq 80,69 dollara enib. Gün ərzində qiymət 80,62 dollara qədər geriləyib ki, bu da martın 4-dən bəri qeydə alınan ən aşağı göstəricidir.

ABŞ-ın WTI (West Texas Intermediate) markalı xam neftinin bir barelinin qiyməti isə 3,1% ucuzlaşaraq 78,27 dollara düşüb. Gün ərzində WTI nefti 78,14 dolları görərək martın 10-dan bəri ən aşağı səviyyəni test edib.

Beləliklə, hər iki neft müqaviləsi ardıcıl dördüncü ticarət gününü də enişlə başa vurub.

ABŞ Prezidenti Donald Trump tərəfindən ABŞ, İsrail və İran arasında müharibəni dayandıracaq müvəqqəti razılaşmanın elan edilməsindən sonra neft qiymətləri bazar ertəsi günü də təxminən 5% geriləmişdi.

İsveçrədə yeni danışıqlar başlayacaq

İranın xarici işlər naziri Abbas Araqchi bildirib ki, yekun razılığa nail olmaq məqsədilə İran və ABŞ nümayəndələri cümə günü İsveçrədə yeni danışıqlar mərhələsinə başlayacaqlar.

İnvestorlar Hörmüz boğazının açılmasını gözləyirlər

Dünya neft tədarükünün təxminən beşdə birinin daşındığı Hörmüz boğazı münaqişələr səbəbindən bağlanmışdı. İlkin razılaşmanın elanından sonra boğazdan keçən tanker sayı məhdud olaraq qalır.

Məlumatlara görə, son həftələr ərzində bəzi tankerlər ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Oman sahilləri boyunca siqnallarını söndürərək gizli şəkildə neft daşıyıblar. Daşıma şirkətləri isə boğazdan təhlükəsiz keçid üçün, o cümlədən minaların təmizlənməsi kimi təhlükəsizlik təminatlarının verilməsini gözləyirlər.

İlk əlamətlər ABŞ-İran razılaşmasının bloklanmış boğazın yenidən açılmasına və atəşkəsin 60 gün müddətinə uzadılmasına imkan verəcəyini göstərir. Bunun İranın nüvə proqramı da daxil olmaqla müxtəlif məsələlərin müzakirəsi üçün əlavə vaxt yaradacağı bildirilir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version