Gundelik.az Dünya Brent neftinin bir bareli beynəlxalq fyuçers bazarlarında 76,66 ABŞ dollarından ticarət olunur
Dünya Xəbərlər

Brent neftinin bir bareli beynəlxalq fyuçers bazarlarında 76,66 ABŞ dollarından ticarət olunur

Dünən 81,50 dollara qədər yüksələn Brent neftinin fyuçers qiyməti günü 77,52 dollar səviyyəsində başa vurub.

Bu gün saat 09:15-ə olan məlumata görə, Brent nefti əvvəlki bağlanış qiymətinə nisbətən təxminən 1,1% ucuzlaşaraq 76,66 dollar olub. Eyni vaxtda ABŞ-ın Qərbi Texas (WTI) markalı xam nefti də 73,13 dollar səviyyəsində alıcı tapıb.

Neft qiymətlərinin enməsinə ABŞ ilə İran arasında aparılan danışıqlardan sonra Hörmüz boğazından neft daşımalarının yenidən normallaşacağına dair gözləntilərin güclənməsi təsir edib.

Ağ Evdə keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla aparılan proses müsbət istiqamətdə irəliləyir. O, həmçinin qeyd edib ki, “İran razılaşmanın şərtlərinə əməl etməsə, lazımi addımları ataram”.

ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Scott Bessent İran neftinin istehsalı, daşınması və satışına müəyyən şərtlərlə icazə verən 60 günlük müvəqqəti ümumi lisenziyanın verildiyini açıqlayıb. Bu qərar və bölgədə gərginliyin azalması ilə bağlı xəbərlər bazarda ötən gün qiymətlərin 3%-dən çox düşməsinə səbəb olmuşdu.

Beynəlxalq gəmi izləmə məlumatlarına əsasən, təxminən 2 milyon barrel neft daşıyan iki tanker dünən Hörmüz boğazından təhlükəsiz şəkildə keçib. Bu isə əvvəlki günlərdə zəifləyən nəqliyyat axınının yenidən bərpa olunduğunu göstərir.

Donald Tramp həmçinin Hörmüz boğazının açıq olduğunu və açıq qalacağını bildirib.

Analitiklərin fikrincə, boğazdan keçidlərin artması həm real neft ticarətinin canlanması, həm də diplomatik proseslərin müsbət istiqamətdə inkişaf etməsi kimi qiymətləndirilir.

Yaxın Şərqdə davamlı sülhün əldə olunması üçün ABŞ ilə İran arasında danışıqlar davam edir.

Texniki təhlilə əsasən, Brent neftində 77,6 dollar səviyyəsi müqavimət, 76,2 dollar isə dəstək səviyyəsi kimi izlənilir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version