Beynəlxalq əmtəə bazarlarında Brent markalı neftin bir barelinin qiyməti 93,35 dollara yüksəlib.
Dün 93,69 dollara qədər bahalaşan Brent nefti günü 93,10 dollardan başa vurmuşdu. Bu gün isə saat 09:30-a olan məlumata görə, qiymət bağlanış göstəricisi ilə müqayisədə təxminən 0,28 faiz artaraq 93,35 dollara çatıb. Eyni vaxtda WTI (Qərbi Texas) markalı xam neftin bir bareli 90,47 dollardan satılıb.
Neft qiymətlərindəki artımın əsas səbəbi ABŞ və İran arasında gərginliyin yenidən hərbi qarşıdurma mərhələsinə keçə biləcəyi ilə bağlı narahatlıqlardır.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda bir sıra hərbi hədəflərə zərbələr endirildiyini və bunun Hörmüz boğazında ABŞ helikopterinin vurulmasına cavab olaraq “özünümüdafiə” çərçivəsində həyata keçirildiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə İranla razılıq əldə olunmayacağı təqdirdə hücumların daha da sərtləşəcəyini bildirib.
İran tərəfi isə Körfəz bölgəsindəki bəzi ABŞ hərbi bazaları və Vaşinqtonun müttəfiqlərinə qarşı hücumlar təşkil edib. Həmçinin Tehran Hörmüz boğazında gəmi hərəkətini dayandırdığını iddia etsə də, CENTCOM bunu təkzib edib.
Bölgədə artan gərginlik neft qiymətlərini yüksəldərkən, bunun qlobal inflyasiyaya təsiri ilə bağlı narahatlıqlar da artır.
Qiymət artımına ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) açıqladığı ehtiyat məlumatları da təsir göstərib. 5 iyunla başa çatan həftədə ölkənin kommersiya xam neft ehtiyatları 7,2 milyon barel azalaraq 426,5 milyon barelə düşüb. Halbuki bazar gözləntiləri təxminən 3 milyon barellik azalma idi.
Texniki baxımdan analitiklər 94,02 dollar səviyyəsini müqavimət, 92,77 dollar səviyyəsini isə dəstək zonası kimi qiymətləndirirlər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

