Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir barelinin qiyməti 72,94 ABŞ dolları səviyyəsində ticarət olunur.
Dünən 76,76 dollara qədər yüksələn Brent neftinin fyuçers qiyməti günü 73,87 dollardan bağlayıb. Bu gün saat 09:40-a olan məlumata görə, Brent neftinin bir bareli bağlanış qiyməti ilə müqayisədə təxminən 1,2 faiz ucuzlaşaraq 72,94 dollara düşüb. Eyni vaxtda ABŞ-ın WTI (West Texas Intermediate) markalı xam neftinin bir bareli isə 69,62 dollardan alınıb-satılıb.
Neft qiymətlərinin enməsinə əsas səbəb kimi Hörmüz boğazı üzərindən tanker daşımalarının nəzarətli şəkildə normallaşması və Rusiya ilə ABŞ arasında uzun müddətdir davam edən problemlərin müzakirəsi üçün yeni məsləhətləşmələrin planlaşdırılması göstərilir. Bu amillər qiymətlərin 75 dolların altına düşməsinə təsir edib.
Tam normallaşma üçün boğazın minalardan təmizlənməsi tələb olunur ki, bu proses bir neçə həftə çəkə bilər.
ABŞ dövlət katibi Marco Rubio də açıqlayıb ki, ABŞ və İranın texniki heyətləri iyunun 29 və ya 30-da yenidən görüşəcəklər. Danışıqlarda ABŞ-ın Xarici İşlər və Energetika nazirliklərinin nümayəndələri iştirak edəcək.
Bu inkişaflar, qlobal neft ticarətinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında enerji nəqlinin böyük ölçüdə davam etdiyini göstərərək bazarlardakı təchizat narahatlıqlarını azaldır və qiymətlərə aşağı istiqamətli təzyiq yaradır.
Digər tərəfdən, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya və ABŞ ikitərəfli münasibətlərdəki problemlərin həlli məqsədilə yay sonuna qədər yeni məsləhətləşmələr keçirməyi planlaşdırır. Bu açıqlama da bazarlarda risk algısını zəiflədərək neft qiymətlərinin aşağı düşməsinə təsir göstərib.
Eyni zamanda, qlobal inflyasiya təzyiqlərinin zəifləyə biləcəyi ilə bağlı gözləntilər ABŞ Federal Ehtiyat Sistemi (Fed) tərəfindən əlavə faiz artımı ehtimalını bir qədər azaldıb. Faizlərin yüksəlməsi iqtisadi fəallığı və neft tələbatını zəiflədə biləcəyi üçün bazar iştirakçıları bu amili də diqqətlə izləyirlər.
Texniki analizə görə, Brent neftində 72,33 dollar dəstək, 73,41 dollar isə müqavimət səviyyəsi hesab olunur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
