Böyük Britaniya Polşaya 155 mm-lik mərmi istehsalında dəstək göstərəcək.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, Polşanın baş naziri Donald Tusk cümə günü jurnalistlərə açıqlamasında bildirib ki, ölkə Böyük Britaniyanın ən böyük müdafiə şirkəti “BAE Systems” ilə əməkdaşlıq çərçivəsində 155 mm-lik artilleriya mərmilərinin istehsalını əhəmiyyətli dərəcədə artıracaq.
“BAE Systems ilə əməkdaşlıq sayəsində biz qabaqcıl texnologiyalara çıxış əldə edəcəyik və bunun nəticəsində 155 mm çaplı mərmilərin istehsalını kəskin şəkildə genişləndirəcəyik”, – deyə Tusk vurğulayıb. Onun sözlərinə görə, növbəti iki ildə Polşada illik istehsal həcmi 130 min mərmiyə çatdırılacaq.
Xatırladaq ki, Polşanın dövlət aktivləri naziri Yakub Yavorovski iyun ayında “Financial Times“a müsahibəsində dövlət müdafiə konserni PGZ-nin artilleriya mərmilərinin istehsalını beş dəfə artıraraq ildə 150–180 min ədədə çatdırmağı planlaşdırdığını açıqlamışdı. O zaman PGZ ildə təxminən 30 min iri çaplı mərmi istehsal edirdi.
Nəşrin məlumatına görə, Polşa NATO ölkələri arasında müdafiəyə ən çox vəsait ayıran dövlətlərdən biridir: 2025-ci ildə ölkə ÜDM-in 4,7 faizini hərbi xərclərə yönəltməyi planlaşdırır. Bununla belə, vəsaitlərin böyük hissəsi indiyədək əsasən ABŞ və Cənubi Koreyadan alınan xarici təchizatlara sərf olunub.
“Financial Times” avqust ayında yayımladığı təhlildə isə qeyd edib ki, 2021–2025-ci illər arasında Avropa ölkələri hərbi fabriklərin ümumi sahəsini üç dəfə artırıblar.
Gundelik.az
