Gundelik.az Dünya BMW: Humanoid robotlar avtomobil istehsalının gələcəyi ola bilər
Dünya Xəbərlər

BMW: Humanoid robotlar avtomobil istehsalının gələcəyi ola bilər

BMW ilk dəfə Avropadakı zavodlarında insanabənzər robotlardan istifadə etməyə hazırlaşır. Hexagon Robotics tərəfindən hazırlanan “Aeon” adlı iki humanoid robot hazırda Leypsiq zavodunda sınaqdan keçirilir və yay aylarından etibarən istehsal prosesinə qoşulacaq.

BMW rəsmiləri hesab edir ki, bu texnologiya avtomobil istehsalının gələcəyidir. Şirkətin rəqəmsallaşma və proses idarəetməsi rəhbəri Michael Nikolaides bildirib ki, humanoid robotların əsas üstünlüyü onların insanlarla eyni mühitdə işləyə bilməsidir. İnsan ölçülərinə və hərəkətlərinə uyğun hazırlandıqları üçün zavod xəttini tam yenidən qurmağa ehtiyac qalmır.

“Aeon” robotunun boyu 1,65 metr, çəkisi isə 60 kiloqramdır. Robot saatda 2,4 metr sürətlə hərəkət edə bilir, qısa müddət ərzində 15 kiloqram, davamlı şəkildə isə 8 kiloqram yük daşıya bilir. Onun üzərində kamera, radar, mikrofon və güc sensorları daxil olmaqla 21 müxtəlif sensor yerləşdirilib.

Robotlar xüsusi olaraq süni intellekt vasitəsilə öyrədilir. Təlim zamanı həm real insanların hərəkətləri izlənilir, həm də zavodun rəqəmsal modeli üzərində minlərlə simulyasiya aparılır. Bu proses “reinforcement learning” və “imitation learning” texnologiyalarına əsaslanır. Məqsəd robotların insan kimi müşahidə edib işi öyrənməsidir.

Nvidia proqram təminatı ilə qurulan rəqəmsal simulyasiya sistemi robotların tapşırıqları daha sürətli mənimsəməsinə imkan verir. Hexagon Robotics nümayəndəsi Arnaud Robert deyir ki, bu texnologiya robotların öyrənmə müddətini aylardan günlərə endirə bilər.

Robotların batareyası təxminən 3 saat işləyir. Lakin onlar öz batareyalarını təxminən 3 dəqiqə ərzində avtomatik dəyişə bilir. BMW zavodunda əsas vəzifələri hissələri istehsal avadanlıqlarına çatdırmaq və batareya yığımında “pick-and-place” əməliyyatlarını yerinə yetirmək olacaq.

Şirkət bildirir ki, humanoid robotlar əsasən monoton və fiziki cəhətdən ağır işlərdə insanlara kömək edəcək. BMW həmçinin gələcəkdə işçi çatışmazlığının artacağını və robotların bu problemi qismən həll edə biləcəyini düşünür.

Digər avtomobil istehsalçıları da humanoid robotlara maraq göstərir. Toyota “Digit” robotlarını sınaqdan keçirir, Xiaomi isə elektrik avtomobil zavodlarında öz humanoid robotlarını test edib. Hyundai isə Boston Dynamics tərəfindən hazırlanan “Atlas” və “Spot” robotlarından istifadə etməyi planlaşdırır.

Mütəxəssislər hesab edir ki, humanoid robotlar sürətlə inkişaf etsə də, onların imkanları bəzən şişirdilmiş formada təqdim olunur. Buna baxmayaraq, avtomobil sənayesində insanlarla birlikdə çalışan robotların sayı yaxın illərdə əhəmiyyətli dərəcədə arta bilər.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version