İyul 8, 2026
Baku
Ədəbiyyat Mədəniyyət və cəmiyyət

Bir Gəray vardı bu dünyada

    İnsana dili anası öyrədir. Uşaq insana çevrilir. İnsan ömrünün ayrılmaz yol yoldaşı, yaddaş kitabı isə söz olur. İnsan böyük söz təşnəsi olur. Söz arayır, söz axtarır ki, onun ardınca getsin. Dünyanı dərk etsin, özünü tapsın, həyatın min bir sualına cavab versin. Bu böyük axtarışda hər bir azərbaycanlının qarşısına bayatı çıxır, atalar sözləri, nağıllar, qoşma və gəraylılar boylanır. Dədə Qorqud və Füzuli, Vaqif və M. F. Axundov, Mirzə Cəlil və Sabir… bu sözün əbədi yolu kimi onu dünyaya yönəldir. Bu adamların taleyi Azərbaycan dilinin taleyidir. Ömrü yaratdığı şeir, həyatı danışdığı dil qədər olan xoşbəxt sənətkarlardan biri də  Gəray Fəzlidir… Gəray Fəzlinin  ömrü elə poeziyasının ömrü qədərdir. Əbədiyaşar şair ədəbiyyata özünəməxsusluğu ilə iz qoymuş, öz dəstxətti ilə poeziyamıza öz naxışını vurmuşdur…

     Hər bir sahədə olduğu kimi, ədəbiyyat da özünəməxsusluğu sevir. Əgər sənin düşüncə və ifadə tərzin yenidirsə, qələmə aldığın mövzu kimsənin yazdığına bənzəmirsə, sən şeir, hekayələrində öz fikirlərini təbii və ürəyəyatımlı bir dildə təqdim etməyi bacarmısansa, yazdıqların oxucu tərəfindən seviləcək…

     Şair, nasir, publisist, radio-tele jurnalist G.Fəzli dünyaya payızda göz açsa da, ad gününü baharda qeyd edərdi. Səbəbi aydın idi. Şair 1941-1945-ci illərin bəşər tarixinin ən dəhşətli müharibəsinin iştirakçısı olmuş və bu savaşda dəfələrlə yaralansa da, salamat qalmışdı. Elə bu münasibətlə də       qohum -əqrabası, yaxınları, qələm dostları hər il mayın 9-da onun yanında olur, dünyaya yenidən gəlməsini bayram edirdilər.

     Gəray Fəzli 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur və İlisu kəndində boya-başa çatmışdır. II Dünya Savaşında dəfələrlə ağır yaralansa da, sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir.

     Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürür. 1956-cı ildə    Gəray Fəzli cəbhəçi-şairin Azərbaycan Dövlət Nəşriyyatı “Mənim səsim” şeirlər kitabını çap etdi. Çox keçməyir ki, sözügedən kitabdakı “Mənim səsim” şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar Xalq şairi N.Həsənzadə G.Fəzli haqqında “İtirilmiş səs” adlı poema da yazır…

     Onu 1950-ci illərin sonunda Azərbaycan Radio və Televiziya Komitəsinə işə dəvət edirlər. O, burada 40 ilə yaxın, yəni ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işləyir.

G.Fəzli Azərbaycanın dilbər guşələrindən olan Qax rayonunda boya-başa çatmışdı. Orta məktəbin sonuncu sinfində oxuyarkən dava başlayanda onun 17 yaşının tamamına bir neçə ay qalırdı. Gəncliyin romantik dünyası onu həddən artıq duyğulandırdığından müqəddəs yalan deməyə qərar vermişdi. O, rayonun hərbi komissarına yazdığı ərizədə yaşını bir il çoxaltmış və könüllü olaraq əsgərliyə getmək istədiyini bildirmişdi. Beləliklə, hələ gözaltı elədiyi laləyanaqlı bir qıza “sevirəm” kəlməsini deməyə macal tapmamış Gəray anası Nazlı xanımın xeyir-duası ilə birbaşa cəbhəyə gedir. O, hərbi sirlərə də, snayperlik bacarığına da düşmənlə üz-üzə, səngərlərdə yiyələnir. Dəfələrlə düşmən gülləsinə tuş gəlir. Müalicə üçün arxa cəbhəyə göndərilir. Yaraları sağalmamış yenidən döyüş meydanına qayıdır. Nəhayət, müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır. Beləliklə, məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir.

     Gərayın bədənində salamat yer qalmadığından müharibə sona yetməmiş yarımcan halda ordudan buraxılır. O, anasının vəfat etdiyini, bacısının yadların himayəsində olduğunu görəndə düşmən qəlpələrinin sızıltılarını unudur və sanki cəbhədən cəbhəyə düşür. Bu “cəbhədən” də qalib çıxmaq üçün özünü səfərbər edir. Yaralı əsgər toparlanmağa özündə güc tapdı. Həyatda yeganə doğması olan bacısını özgə himayəsindən “azad” etdi. Orta təhsilini başa vuraraq Azərbaycan Pedaqoji İnstitutuna (indiki N.Tusi adına Universitet) daxil oldu. Oranı bitirib Qax rayonuna təyinat aldı. Rayonun Güllük orta məktəbində əvvəlcə dil-ədəbiyyat müəllimi işlədi. Bir qədər sonra həmin təhsil ocağına direktor təyin edildi. Soyadı Alimov olan kənd müəllimi atası Fəzli kişinin adını özünə təxəllüs götürdü. Elə həmin illərdə respublika mətbuatında dərc olunan Fəzli imzalı şeirləri oxucular tərəfindən rəğbətlə qarşılandı, ədəbi ictimaiyyətin diqqətini çəkdi.

     Gərayın boğazını güllə dəlib keçəndə ona elə gəldi ki, düşmən bədənini yox, nəğmələrini hədəfə alıb. Hələ uşaqlıqdan onun ən böyük arzusu müğənni olmaq idi. Lakin cəbhəçi-şairin müharibədən sonra yaşadığı illər göstərdi ki, insanın səsi, bədəni yaralansa da, onun könül nəğmələri bu və ya başqa şəkildə üzə çıxmalıdır. Bəli, G.Fəzli zəngin iç dünyasından gələn şeirlərini, əsərlərini kürsülərdən ürəyi istədiyi kimi oxuya bilməsə də, onun sözlərinə yazılmış mahnıları R.Muradova, Ş.Ələkbərova, Z.Xanlarova,Y.Rzazadə kimi korifeylər, H.Hadıyev, T.Vəlizadə və başqa tanınmış sənətkarlar oxudular. Gəray hələ kənd həyatı yaşadığı illərdə nəğməkar şair kimi tanındı. Xalq artisti Z.Xanlarovanın ifasında səslənən bu misralar indi də sevən gənclərin qəlbini titrədir:

               Baxıram arxanca hey gizli-gizli

               Sən qəlbi kövrəksən, mən qəlbi sözlü

               Sən ismi-pünhansan, mən Gəray Fəzli

           Mən səni sevmişəm səndən xəbərsiz

           Yaxından xəbərsiz, gendən xəbərsiz.

     Həmin illərdə G.Fəzli nasir kimi də özünü sınadı. “İldırımlı dağlar” adlı kəskin süjetli romanı onun bu sahədə ilk uğuru oldu. Bundan sonra taleyin hökmü ilə Gərayın şəhər həyatı başladı. Onu ötən əsrin 50-ci illərinin sonunda Azərbaycan Radio və Televiziya Komitəsinə işə dəvət etdilər. O, burada nə az, nə çox 40 ilə yaxın, yəni ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işlədi. Bacarıqlı redaktor kimi tanındı. Sözügedən komitədə işlədiyi illər ərzində neçə-neçə telejurnalistin himayədarı oldu, onların püxtələşməsi üçün əlindən gələni əsirgəmədi. Bunun nəticəsi olaraq komitədə Gəraya artıq ustad deyə müraciət edirdilər.

     G.Fəzli Radio və Televiziya Verilişləri Komitəsində gərgin iş qrafiki ilə yüklənməsinə, hər gün iki-üç verilişin efirə, yaxud teleekrana çıxmasına imza atmasına baxmayaraq,         yeni-yeni bədii əsərlər ortaya qoymağa da vaxt tapırdı. “Mənim səsim” kitabından sonra “Yeni ünvan” və “Səadətin ünvanı” şeirlər toplularını çap etdirdi, “İldırımlı dağlar” romanından sonra 4 nəsr əsərinin müəllifi oldu, “portret cizgiləri” seriyasından sənədli povestlər, oçerklər yazdı. Deyilənlərlə yanaşı, cəbhəçi-yazıçı cəmiyyətdə gündəlik baş verən proseslərə biganə qala bilmirdi, günün ən aktual problemlərinə dair dövri mətbuatda publisist məqalələri ilə çıxış edirdi.

     Şairi yaxından tanıyanlar yaxşı bilirlər ki, o, təmənnasız bir ömür yaşamışdır. Onun yeganə güvənc yeri şikəst barmaqlarını döyənək edən qələmi idi. O, gözütox adam idi. Həyatında baş verən irili-xırdalı problemləri təmkinlə həll etməyə çalışırdı.

G.Fəzli imzası orta və yaşlı nəslin yaxşı yadındadır. Böyük Vətən Müharibəsindən salamat çıxmış ziyalılar arasında onun da adı xüsusi çəkilir – nasir şair, publisist, televiziya və radio jurnalisti kimi. Gəray müəllim sağlam əqidəli, səmimi, qayğıkeş, prinsipial, mərd bir insan, vətəndaş idi. 70 illik ömründə Gəray müəllim çox məshuldar yaradıcılıq yolu keçmiş, şərəfli bir həyat sürmüşdür.  1952-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Onun əsərləri ədəbi ictimaiyyətin, məşhur söz adamlarının diqqətini çəkir, layiqli qiymətini alırdı. S.Vurğun, M.İbrahimov, R.Rza, S.Rüstəm, M.Rahim, B.Vahabzadə onun əsərləri haqqında ölkə mətbuatında müsbət rəylərini bildirmişdilər. G.Fəzlinin şair və yazıçı dostları arasında Qabilin, Ə.Kürçaylının, N.Həsənzadənin, N.Gəncəlinin, A.Zeynallının adlarını çəkmək istərdim.

     Azərbaycan Televiziyası və Radiosunun fondunda qorunub saxlanan verilişlərdə tez-tez G.Fəzli poeziyasına müraciət olunur, onun sözlərinə yazılmış mahnılar səslənir.

     Sonda Gəray müəllimin həyata, gələcəyə ünvanlanan, onun yaradıcılıq bioqrafiyasının fəlsəfəsini ortaya qoyan misraları oxucuların diqqətinə çatdırmaq istərdim…

          Özüm də sirrini bilmirəm nədir –

          Bir dərya etibar bir ümman səbir –

          Elə bil tək mənim ürəyimdədir…

          Səmadır, səhradır, çəməndir könlüm,

          Sevgiyə, sevdaya vətəndir könlüm…

 Və ya

                  Anam ömründə heç şeir yazmayıb,

                   Ancaq əzəl gündən şairdir anam.

                   Heç zaman ölçünü, vəzni pozmayıb,

                   Layladır, nəğmədir, şeirdir anam.

     Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən… İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan… İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər… Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün… Şeirləri çoxaltmaq üçün… Azərbaycan ədəbiyyatının elə məşhur imzaları var ki, dünyanın üstümüzə ələdiyi dərdindən-sərindən, kirindən, dedi-qodusundan arınmaq, paklanmaq üçün onların yaradıcılığına dönə-dönə qayıtmaq lazımdır. Bəzən, amansız əcəl, vaxtsız ölüm elələrini sıralarımızdan zamansız aparsa da, onları unutmamaq, gənc nəslə xatırlatmaq, təbliğ etmək borcumuzdur. Belə işıqlı imzalardan biri vətənpərvər, istedadlı şair Fəzlidir.

G.Fəzli bütün ili sanki bir günün həsrəti ilə yaşayırdı, mayın 9-u, Qələbə Günü ilə. Təqvimdə həmin gün çatanda onun üzündə kədərlə sevinc, göz yaşı ilə təbəssüm bir-birini əvəz edərdi. Sevinc – qələbə sevinci idi. Kədər–müharibədə qoyub gəldiyi dostlarının, itirdiyi səsinin kədəri idi. O, yeniyetmə ikən, hələ yaşı çatmamasına baxmayaraq, könüllü olaraq cəbhəyə yollanmış, müharibə dəhşətlərini öz gözlərilə görmüş, səs tellərinə dəyən düşmən gülləsindən səsini itirmişdi. Düşmən yanılmışdı, gülləsi hədəfə dəyməmişdi. Gəray yalnız səsini itirdi. Səsini itirsə də, cəbhədə qazandıqları daha çox oldu: iradə, dözüm, mərdlik, kamillik, ləyaqət, mübarizlik və ən əsas qələbə və qələm!

G.Fəzlinin müharibə illərindən dolğun  romanlar yazan yazıçı qələmi, nəğmələrə çevrilən, lirik şeirlər qoşan şair qələmi, heyranedici publisist qələmi müharibə illərindən bəhs edən “Kəhrəba işığında”, “Yeddi ulduzlu səma”, “Gecə günəşi”, “Bir qəlbin asimanı” romanlarını və xeyli cəbhə şeirlərini yazdı. Bütün bu əsərləri oxuduqca başa düşürsən ki, biz bu günümüz üçün onlara, ölümlə üz-üzə gələnlərə, əbədiyyətə  qovuşan hər bir əsgərə, bədənində qəlpələr gəzdirənlərə, həmin bahar günü ilə bizə azadlıq müjdəsi gətirənlərə borcluyuq.

                   Bir göz baxdı pəncərəmdən,

                    Dedim: – Kimsən?

                    Dedi: – Mənəm

                    Dedi cəbhə yollarında

                    Çantadakı son tikənəm

                    Dostlarımla bölüşməli

                    Bir meh əsdi Ağdərədən:

                    Dedim: – Kimsən?

                    Dedi: – Mənəm!

                    Bir vaxt sənin cəbhə dostun,

                    İndi isə… sevincinəm,

                    Gülüşünəm, qəh-qəhənəm.

Gənclik dostları deyirdi ki, Gərayın gözəl səsi var imiş, hətta gözəl oxuyurmuş da. Bu haqda söz düşəndə, deyərdi ki, ürəyimdəkiləri Rübabə xanım, Hüseynağa oxuyur. “Ay günahsız əzizim”, “Sən olmuşam” və neçə-neçə belə həzin mahnılar.

     Düşmən doğrudan da yanılmışdı. Gərayın səsi efirdə gedən verilişlərində idi. Televiziya və radioda səslənən, G.Fəzli imzası ilə gedən hər bir veriliş həmişə gur səslənirdi, əks-səda tapırdı, təkrar-təkrar ekranda yer alırdı.

     Şairin “Yazıçı xəyalı, oxucu həqiqəti” adlı yazısını gözdən keçirək: “Mən öz tərcümeyi-halıma borcluyam. Bunu deyərkən 1941-45-ci illərə təsadüf edən ən romantik, ən coşqun və eyni zamanda ən yetkin dövrü nəzərdə tuturam… Müharibə deyilən o mənhus tufanın qısa müddətə mənə bəxş etdiyi çox qiymətli keyfiyyətləri nəzərdə tuturam. Doğrudur, böyük qələbənin qazanılmasında mənim kiçik də olsa payım var, ancaq mənim vətəndaş kimi, bir qələm əhli kimi yetişməyimdə həmin qələbənin xidmətləri misilsizdir. Tərcümeyi-halımın “çılpaq faktlar okeanında” rast gəldiyim hər şey xalqımın, Vətənimin, dünyanın taleyi ilə bağlı olduğu üçün mən özümü necə də xoşbəxt hiss edirəm”. Atası sürgün olunduqdan sonra bəy oğlu olan kiçik yaşlı Gəray uşaq evində böyüdü, təhsil aldı, müharibəyə getdi, yaralandı, səsini itirdi, bədənində qəlpə gəzdirdi, qələmə söz verdi, cəbhəçi-yazıçı adını qazandı. Çox nadir bir miras qoyub getdi-cəbhənin odundan-alovundan çıxmış bir miras.

Mən səngərdə öyrənmişəm

Dost yolunda candan keçmək,

El yolunda ölmək nədir.

Düşünürəm cəbhə yolum,

səngər ömrüm

hələ tamam oxunmamış

salnamədir.

 O, bu salnamədən hər il mayın 9-da səhifələr açar, həmin gün onun başına yığışan ailə üzvlərinə, dostlarına xatirələr söyləyərdi. Gəray Fəzli  ad gününü keçirməzdi. Deyirdi ki, müharibədən qayıdanların doğum günü Qələbə Günüdür. Ona görə də onu sevənlər, dostları, yoldaşları, yaxınları məhz həmin gün onun başına toplaşardılar. Təbriklər, hədiyyələr, xatirələr… Nəvələrindən birini də ona Tanrı məhz mayın 9-da Gələbə Günü  bəxş etmişdi. Bu da qəribə bir rəmz idi onun üçün. Bu gün onsuz da yaraşıqlı xarici görünüşə malik olan Gəray daha şux görünür, qürurla gəzərdi. Hərdən də gözlərində sevinc yaşları parlayırdı.  O, dünyadan ürəyində dəhşətli bir nisgillə getdi. Axı Şuşanın işğalı xəbəri ona məhz mayın 9-da çatmışdı. Onun Qələbə Gününə kölgə salmışdı, ona arxadan zərbə vurulmuşdu. Bu xəbəri eşidib, eyvana çıxdı, eyvanından bir parça dəniz görünürdü. Gözünü dikdi bu bir parça dənizə, baxdı, baxdı… Nələr keçdi ürəyindən? Dənizə dərdini pıçıldadı, göz yaşını Xəzərin sularına göndərdi. Həmin axşamı sükutla keçirdi. Yalnız səhər cəbhə şeirlərindən bu misraları astadan dedi:

Göynədibdir köhnə yaram

sübhə qədər

Dolaşdıqca bədənimdə od qəlpələr.

Amma hamımız inanırıq ki,

Üfüqləri çiçək-çiçək

Çiçəkləri ləçək-ləçək

Bir bağım var,

Məşəl yanır dövrəsində

May gələndə kövrəkləşən

Buludları seyrəkləşən

Bir dağım var

Məşəl yanır zirvəsində.

 Bu məşəl mütləq Şuşa dağlarının zirvəsində yanacaq. Unudulmaz şairimizin ruhu da onda rahat olacaq, vətən torpağında rahat yatacaq.

AYNUR TURAN

Gundelik.az