Bu gün dəyərli yazıçılarımızdan biri olan ƏLIBALA HACIZADƏNIN dünyaya gəldiyi gündür.
O, 28 avqust 1935-ci ildə Biləsuvar rayonun Sarıabad kəndində anadan olub.
Bu il – 2025-ci il anadan olmasının 90 illiynə təsadüf edir.
Dəyərli yazıçımızla bağlı həm oxuduğum, həm də öz xatirəmdə qalan bəzi məqamları xatırlatmaq istəyi ilə bu yazını onun 90 illik yubileyinə həsr edirəm.
Yəqin ki, „İtkin gəlin“ romanını oxumayanımız az olar. Məktəbli və yeniyetməlik dövründən oxuduğum bədii əsərlər arasında məndə o dövr üçün təsirini buraxmayan əsərlərdən biri olmuşdu.
Dəyərli yazıçımız Əlibala Hacızadə onda ən sevdiyim yazıçılar siyahısına daxil oldu. Mətnlərində olan simvolik mənalar, ifadələr, ən əsas də dilin ahəngini pozmadan özünəməxsus şəkildə yazılması yeniyetmə bir oxucunun ixtiyarında dəyişilməz bir iz buraxmışdı…
Bəlkə o zamanlar bizlər hələ sevginin, hörmətin, qayğının, insana, ailəyə olan dəyərin həcmini, bütövlüyünü, tamlığını müəyyən edə bilmirdik. Amma oxuduğumuz kitablar, onlarda toplanan belə qiymətli əsərlər bizi yeniyetmə yaşlarından şüuraltında insan olmağı, özümüzü necə inkişaf etdirməyin yollarını öyrədirdi…
Bir dəfə sevilən yazıçı ilə telefon söhbətində ona balaca bir uşaqlıq xatirəmi danışıb gülümsədə bilmişdim:
–Hər il evimizdə əyalətlərdən gələn çoxlu tələbələr olurdu. Bir dəfə mühəndislik ixtisası üzrə təhsil alan birində Ə.Hacızadənin „Itkin gəlin“ kitabını görmüşdüm. Uşaq marağı ilə onu götürüb vərəqləmişdim. Içindən şeir olan hissəni cırıb götürmüşdüm. Şeir belə idi:
_
Bilməm nədən belə doğmasan mənə,
Bir belə qohumun, yadın içində.
Tək sənin adını yazmışam, gülüm,
Qəlbimə min gözəl adın içində.
Eşqinlə çağlayan bir bülbül oldum,
Sənə nəğmə oldum, qızılgül oldum.
Sən məni yandırdın, yanıb kül oldum,
Mən səni qoymazdım odun içində…
Həmin şeir vərəqi qəzetlərdən kəsib şeirlər yapışdırdığım dəftərimin arasına qoymuşdum. Elə bilmişdim ki, həmin tələbə oğlanın kitabıdır. Sonra onun ata tərəfdən qohumumuz olduğunu öyrənmişdim. Gedəndə dedim ki, o kitabı aparmasın, bir az bizdə qalsın. Çünki vərəqi cırdığım üçün vicdan əzabı hiss edirdim. Mənə dedi ki, o kitab atanındır. Aparmıram, arada qalacaq. Onda daha çox qorxmuşdum. Atam bilsəydi ki, onun kitabının vərəqini çırmışam, məni bərk danlayardı. Uzun illər sonra həmin kitab atamın seyfindən çıxmışdı, mən də cırdığım vərəqi yaxşı saxlamışdım deyə, aparıb yenidən öz yerinə yapışdırmışdım…
~
Amma yeniyetməlik dövründə Əlibala Hacızadədən məsuliyyətlə ilk oxuduğum „Təyyarə kölgəsi“ əsəri oldu. O əsəri də təbii olaraq, çox sevmişdim. Onda mənə elə gəlmişdi ki, oxuduğum həmin əsər dünyada əlimə götürdüyüm bəlkə ən yaxşı əsər olacaqdı. Hətta bəzən Vidadi Babanlının „Vicdan susanda“sı ilə müqayisə də etmişdim. Əsərlərdə olan hadisələri, obrazları eyniləşdirməyə çalışmışdım. Oxşar obrazları bir-birinə yaxınlaşdırmışdım. Onlar arasında dövrün, zamanın dərin hiss və duyğu bağlarını qoşalaşdırıb qırılmaz bir bağ yaratmışdım. Necə ki, sonralar oxuduğum Tolstoy, Dostoyevski, Stendal kimi sevimli yazıçılarımın əsərləri arasında qurduğum indiyə qədər də kəsilməmiş o incə bağ kimi…
Hər dəfə məkan və yer fərqi ilə obrazlara qoşulub ayrı-ayrı dünyalara gedirdim. Bəzən də eyni bir hissin ortaq nöqtəsində qərar tutur, onları ara-sıra görüşdürürdüm…
Bəzən mənə elə gəlirdi ki, „Təyyarə kölgəsi“ ədəbiyyata, ədəbiyyatşünaslığa sonradan məlum olacaq, elmi mühitin təsvirini ürəkaçan şəkildə göstərən bir əsər olacaqdı. Ə. Hacızadə bu romanla elm adamlarının qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı. Əsərin oxucuların ixtiyarına verilən təqdimatında da məhz bu cümləni oxumuşdum. Orada romanın qəhrəmanı Nadirənin gündəliyindən götürülən bu sözlər yazıçı şəxsiyyətinin ən böyük şəkildə etirafı idi:
“Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də… Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum‐əqrəban, dost-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!“
~
„Vəfalım mənim“ də Təyyarə kölgəsi“ndən sonra bu mövzuda ikinci bir gözəl əsər idi.
Əlibala Hacızadə 1961-ci ildə çap olunan “Heykəl gülür” adlı ilk kitabını dediyinə görə, sənət aləminə qorxa-qorxa təqdim etmişdi. Amma kitabının ayağı uğurlu olmuşdu. O kitab da sonralar yazdığı “Unutmaq olmur”, “Məhəbbət olmayan evdə” povestləri onu maraqlı yazıçı kimi məşhurlaşdırmışdı.
~
1980-ci ildə onun „Möcüzə“ adlı ikinci bir əsəri oxucuların ixtiyarına verildi. Dövründə baş verən ictimai proseslərə yazıçı və ziyalı mövqeyi ilə yanaşı olaraq, diplomatik yöndən fərqli baxışı müəllifin peşəsində olan ustalığını bir daha sübut edirdi.
~
Onun XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərruxi Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqat kimi qiymətləndirildi.
Əlibala Hacızadə eyni zamanda müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın da müəllifidir. O, həmçinin, bir sıra orta əsr mənbələrini ana dilimizə tərcümə edib.
~
Onun haqqında gənc yaşlarında „Xalqın səsi“ qəzetində geniş, müsahibə xarakterli bir yazı da yazmışdım. Heyif ki, özüylə görüşə bilməmişdim. Biz sadəcə telefon əlaqəsi saxlaya bilmişdik.
Yazıçını sevənlərə məlum olduğu kimi onun ilk hekayəsi 1956-cı ildə „Gəncliyin səsi“ almanaxında dərc olunan „Mənim müəlliməm“ hekayəsi olub. Hekayə öz dövrünün gənc yazıçıları arasında da ona müəyyən rəğbət hissi yaratmışdı. Bunu kiçik telefon müsahibələrimizin birində də qeyd etmişdi.
~
1980-ci illərin ikinci yarısında Ə.Hacızadənin qələmə aldığı “Möcüzə” romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirdi.
Dəyərli yazıçımıza şöhrət gətirən əsər isə “İtkin gəlin” trilogiyası oldu. “İtkin gəlin” əsərindən başqa bu trilogiyaya “Əfsanəsiz illər” və “Ayrılığın sonu yoxmuş” romanları da daxil idi. Bu romanları da sevə-sevə oxudum.
Dediyinə görə, o bu əsərləri on altı ilə yazmışdı. Həqiqətən də, on altı ilə yazılan bu xəzinə əsərlər Əlibala Hacızadəyə qalıcı bir şöhrət qazandırdı.
Ötən əsrin 80-ci illərində dövrün oxucuları arasında da geniş yayılmış əsərlər olduğunu yazıçı haqqında yazılan məqalələrdən oxuyub öyrənmişdim. 1993-1994-cü illərdə romanın əsasında ilk Azərbaycan serialı sayılan və 12 seriyadan ibarət “İtkin gəlin” serialı ekranlaşdırıldı. Bu serial uzun müddət yaddaşlarda qalan, tez-tez izlənilən seriallardan oldu…
Təxminən 2008-ci ildə son müsahibələrinin birində ”artıq mənə ayrılan yaşamaq limitinin qurtardığını hiss eləyirəm…”, bir də “son kitabımın adı “Son hekayələr” olacaq” – demişdi. Qəzetlərə verdiyi müsahibələrinin birində qeyd etmişdi. Bu cümlələri ürəkağrısı ilə oxumuşdum. Onda iki körpəli gənc ana idim. Təəssüflər olsun ki, sevimli yazıçımla görüşmək imkanı əldə edə bilmədim. Bəlkə bu kitab çap olunub, bəlkə də olmayıb. Bəlkə də olacaq… Bunu öyrənmək üçün günlərlə yaxın adamlarını axtardım. Bir gün 2009-cu ildə hamımız öyrəndik ki, Əlibala Hacızadə özün həyatının son hekayəsi oldu.
Sevimli yazıçımız 8 oktyabr, 2009-cu ildə Bakıda dünyasını dəyişdi…
Gülər Natiq İsaq
Gundelik.az
