Sinir sisteminin sağlamlığı üçün vacib olan vitamin və minerallar hansılardır?
Mütəxəssis – nevropatoloq Qalib Əsədov sinir impulsları, yaddaş, diqqət və stressə davamlılıq üçün önəmli vitamin və minerallardan, onların çatışmazlıq əlamətlərindən və düzgün qəbul qaydalarından bəhs edir.
Hansı vitamin və minerallar sinir sistemi üçün daha vacibdir?
-Sinir sisteminin sağlam işləməsi üçün bəzi vitamin və minerallar xüsusi rol oynayır. Onlar sinir impulslarının ötürülməsi, mielin qişasının qorunması, yaddaş, diqqət və stressə davamlılıq üçün vacibdir. Sinir sistemi üçün ən vacib vitaminlər bunlardır.
1.B1 (Tiamin). Sinir impulslarının ötürülməsində önəmli rol oynayır. Çatışmazlığı zamanı keyimə, yanma, əsəbilik baş verir.
2.B6 (Piridoksin). Serotonin və dopamin sintezində rol oynayır.
Çatışmazlığı zamanı depressiya, qıcıqlanma baş verir. 3.B9 (Fol turşusu). Sinir toxumasının yenilənməsi üçün çox vacibdir. Çatışmazlığı zamanı yaddaşın zəifləməsi yaranır.
4.B12 (Kobalamin). Mielin qişasının qorunması üçün vacibdir. Çatışmazlığı zamanı uyuşma, unutqanlıq, müvazinət pozğunluğu yaranır. Yeri gəlmişkən B12 çatışmazlığı geri dönməz sinir pozuntularına səbəb ola bilər.
5.Vitamin D. Neyroprotektiv təsir göstərir. Əhval-ruhiyyə və immun balans yaranmasında əhəmiyyətli rol oynayır. Çatışmazlığı zamanı yorğunluq, depressiya, əzələ ağrısı yaranır.
6.Vitamin E. Güclü antioksidantdır. Sinir hüceyrələrini oksidləşmədən qoruyur. Çatışmazlığı zamanı koordinasiya pozğunluğu baş verir.
Sinir sistemi üçün ən vacib minerallar isə bunlardır.
1..Maqnezium. Sinir-əzələ ötürülməsini tənzimləyir. Stressi və spazmı azaldır. Çatışmazlığı zamanı əsəbilik, əzələ səyirməsi, yuxusuzluq yaranır. 2.Kalium. Sinir impulslarının yaranmasında əhəmiyyətli rol oynayır. Çatışmazlığı zamanı zəiflik, ürək ritm pozğunluğu baş verir.
3.Kalsium. Sinir impulslarının ötürülməsində iştirak edir. Çatışmazlığı zamanı qıcolmalar baş verir.
4.Sink.Sinapsların fəaliyyətində iştirak edir. Yaddaş və diqqətin yaranması üçün vacibdir.Çatışmazlığı zamanı depressiv əlamətlər baş verir.
5.Dəmir. Beynin oksigenlə təminatı məhz onun sayəsində baş verir. Çatışmazlığı zamanı başgicəllənmə, baş ağrısı, diqqət azalması yaranır. Bir neçə kəlmə qida məhsullarında hansı vitaminlər olması haqqında da məlumat vermək istəyirəm.
1.B vitaminləri: ət, qaraciyər, yumurta, paxlalı bitkilərdə olur.
2.Maqnezium: qoz-fındıq, ispanaq, bananda daha çoxdur. Qırmızı ət, mərcimək, alma, yerkökü dəmirlə zəngindir.Yeri gəlmişkən bir vacib xəbərdarlıq da etmək istərdim. Vitaminləri özbaşına, yüksək dozada qəbul etmək olmaz.Xüsusilə B6, D və dəmir artıq olduqda sinir sisteminə zərər verə bilər. Ən düzgün yol, analizlə çatışmazlığı müəyyən etmək, ancaq həkim məsləhəti ilə qəbul etməkdir.
Ziyalə Əhmədli
Gundelik.az
