Gundelik.az Elm və təhsil Ədəbiyyat BƏŞƏR TARİXİNƏ TÖHFƏ VERƏCƏK ƏSƏR
Ədəbiyyat Mədəniyyət və cəmiyyət

BƏŞƏR TARİXİNƏ TÖHFƏ VERƏCƏK ƏSƏR

Son illərdə Azərbaycan tarixi sahəsində köklü məzmun islahatları həyata keçirilməkdədir. Bu islahatlar keçmiş illərin tarixini bütün pillələri ilə əhatə edir. İslahatın uğurla həyata keçirilməsi, müvəffəqiyyətlə nəticələnməsi yüksək nəzəri  elmi-konsepsiya, strategiya və güclü resurslar tələb edir. Dövr dəyişir, zaman dəyişir, sosial sifarişin mahiyyəti dəyişir və bu istiqamətdə uğurlu işlər aparılır.

 Belə uğurlu işlər apararaq mükəmməl nəticələr əldə etmiş tədqiqatçılardan biri də İmran Abdinovdur. Əsərin təhlilinə başlamaz əvvəl qeyd edim ki, İmran Abdinovu ilk tələbəlik illərindən (1991-1996) tanımışam. Tələbəlik illərindən onun hadisələrə yanaşma tərzi, hissiyatı, mühakimə yürütmə qabiliyyəti, qaldırılan ideyalara özünəməxsus baxışı, fikir yürüdülən faktları yerli-yerində saf-çürük etməsi, ümumiləşdirməsi, elmi nəticələr çıxarması və onları inandırıcı şəkildə sübuta yetirməsi biz tələbələrə ümid verirdi ki, İmran Abdin gələcəyin səriştəli və istedadlı qələm sahibi, zəngin təcrübəyə və biliyə malik bir tədqiqatçı olacaqdır.
Bu gün İmran Abdin oxucularının görüşünə “Rusiya imperiya ordusunun Azərbaycan alayı” adlı monoqrafiyası ilə gəlmişdir. Monoqrafiya Azərbaycan Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu Elmi Şurasının qərarı ilə (25 may 2025) çap edilmişdir. Monoqrafiya üç fəsildən ibarətdir. Birinci fəsil “I dünya müharibəsi dövründə tatar alayı”, ikinci fəsil “Tatar alayının döyüş yolu”, üçüncü fəsil isə “Vəhşi diviziyanın mövqeyi və Qafqaza dönüşü” adlanır. 220 səhifədən ibarət olan monoqrafiyada iyirminci əsrin əvvəlləri, I Dünya müharibəsi (1914- 1918) illərinin bir sıra hadisələrindən və Qafqaz yerli diviziyasının “Vəhşi diviziya”nın bu müharibədə iştirakından və diviziyanın tərkibində fəaliyyət göstərən insanların döyüş yollarından bəhs edilir. Monoqrafiyada I Dünya müharibəsi dövründə Qafqaz yerli diviziyasının tərkibində igidliklə vuruşaraq təltif və rütbələr almış azərbaycanlılar haqqında da məlumatlar verilmişdir. Kitaba, həmçinin mətnə informasiya dəstəyi verən foto-sənədlər daxil edilmişdir.
Tədqiqatçı çox gözəl qeyd edir ki, hələ qədim dövrlərdən at belində yürüşlərə çıxan Azərbaycan türkləri Rusiya imperiyası tərkibində hərbi əməliyyatlarda iştirak etmişlər [Bax: səh.3]. Lakin bütün bunlara baxmayaraq Rusiya mətbuatı və rus dilli yazarlar azərbaycanlılar və ümumilikdə qeyri-rus müsəlman xalqların hərbi fəaliyyətinə kölgə salmış, onların qəhrəmanlıqları haqqında çox az söz açaraq, susmağa daha çox üstünlük vermişlər. Bu baxımdan Qafqaz süvari diviziyası və onun Tatar alayı haqqında aparılan araşdırmalar bu günün tarixşünaslığı üçün çox böyük aktuallıq kəsb edir. Kitab iyirminci əsrin əvvəllərinin, daha dəqiq desək, 1914-1918-ci illərin bir sıra hadisələrini əhatə edir. Bildiyimiz kimi, məlum səbəblərə görə bu dövrdə Şimali Azərbaycan Rusiya imperiyasının tərkibində idi. Qafqaz yerli süvari diviziyasının döyüş əməliyyatları da məhz bu dövrü əhatə edir. Müəllif monoqrafiyada Tatar alayının 1918-ci ildən sonrakı taleyinə və onun milli ordunun yaradılmasındakı roluna toxunur və əsasən Qafqaz yerli süvari diviziyasının yaranması və Birinci Dünya müharibəsində iştirakı araşdırıb.
Müəllif monoqrafiyada Birinci Dünya müharibəsi və bu müharibədə Qafqaz yerli diviziyasının iştirakından bəhs etdiyinə görə haqlı olaraq rusdilli ədəbiyyatlardan daha çox istinadlar gətirir. Birinci Dünya müharibəsi ərəfəsində  ictimai-siyasi vəziyyətin araşdırılmasında və müharibənin gedişinə nəzər  salınmasında M.Qasımovun “Birinci Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti”, Ç.Məmmədovun “Azərbaycanın siyasi tarixi. XIX-XX əsrlər”, “Azərbaycan tarixi” Yeddi cilddə. V cild, T.Əzizovun “Azərbaycan XX əsrin əvvəllərində” əsərlərindən də istifadə etmişdir. Monoqrafiyaya nəzər salan zaman görürük ki, İmran Abdin əsas mənbəşünaslıq bazasını Rusiya Dövlət Hərbi Tarix Arxivinin (Rusiya Dövlət Hərb Tarixi Arxivi) fondları və digərləri araşdırır. Arxivin materialları arasında süvari korpusların, ordu hissələrinin, Qafqaz yerli süvari diviziyasının və onun
alaylarının fondlarından geniş istifadə etmişdir. Görürük ki, RDHTA-nın 400, 2139, 2309, 3530, 3638, 3640, 3641, 3642 saylı fondları tədqiqat prosesində geniş araşdırılmışdır. Arxiv sənədləri ilə yanaşı tədqiq olunan dövrə aid mətbuat materiallarına da nəzər salınmışdır. Bu baxımdan 1914-1917- ci illər Rusiyada çap olunan “Кавказ”, “Кубанский курьер”], “Известия”, “Каспий”,“Речь”, “Новое время”, Терский вестник”, “Терские ведомости” qəzetlərinin diviziyanın fəaliyyətinə aid materiallar əsərin sanbalını daha çox artırmışdır. Müəllif əsərə aid digər ədəbiyyatlardan, müharibə iştirakçılarının xatirə və memuarlarından da istifadə etmişdir. İmran Abdin bu sahədə mərhum professor R.N.İvanovun süvari korpus komandiri Hüseyn xan Naxçıvanski haqqında yazdığı “Əlahəzrətin general adyutantı. Hüseyn xan Naxçıvanski haqqında hekayət” və Tatar alayında xidmət edən, sonralar briqada komandanı olan Cəmşid Naxçıvanski haqqındakı “Sovet İttifaqı adı ilə” adlı kitablarını da sərf- nəzər etmişdir.

    Sonda qeyd edək ki, “Rusiya imperiya ordusunun Azərbaycan alayı” adlı monoqrafiya çox sadə, rəvan və anlaşıqlı bir dildə yazılmışdır. Müdrik sözüdür: “Qərinələr bir-birini əvəz edir, dünya insan nəsilləri ilə bir yandan dolur, bir yandan boşalır, ancaq elmi faktlar, nəzəriyyələr, ciddi ümumiləşdirmələr qalır”.

  İmran Abdinin dəyərli monoqrafiyası əminik ki, tarixdə boş qalan səhifələrə öz töhfəsini verərək dolduracaqdır. Bəşər mədəniyyətinə töhfələr vermək, imzasını imzalar içində görmək üçün öz keçmişini, soykökünü öyrənmək, tarixini bilmək məcburiyyətindədir. Bunsuz təşəkkül, təkamül, inkişaf və tərəqqi yoxdur. İmran Abdinə bundan sonrakı elmi yaradıcılıq işlərində uğurlar arzulayıram. Tanrı Sizi qorusun!

Kamal Camalov

Naxçıvan Müəllimlər İnstitutunun professoru, pedaqogika elmləri doktoru

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Gundelik.az

Exit mobile version