Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Bakı şəhərində təhlükəsizlik tələblərinə cavab verməyən liftlərin fəaliyyətini dayandırıb.
Gundelik.az xəbər verir ki, agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən, “Qayğı” MTK-ya məxsus yaşayış binasında plan üzrə yoxlama aparılıb.
Aşkarlanmış pozuntular nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb. Eyni zamanda, texniki təhlükəsizlik sahəsində müəyyən olunmuş nöqsanların aradan qaldırılması üçün “Qayğı” MTK qarşısında müvafiq tələb irəli sürülüb.
Bundan başqa, müvafiq akt tərtib olunaraq müəssisə nümayəndəsinə bildirilib ki, liftlərin istismarı yalnız aşkar edilmiş qayda pozuntuları aradan qaldırıldıqdan sonra bərpa oluna bilər. Həmçinin izah edilib ki, qurğuların təhlükəsizlik normalarına əməl olunmadan istismarı nəticəsində baş verə biləcək qəza və bədbəxt hadisələrə görə MTK hüquqi məsuliyyət daşıyır.
Yoxlama zamanı binadakı 6 ədəd liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, eləcə də onların insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən edilib.
