“Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyaları üzrə müvafiq müqavilələr imzalanıb.
Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
“Naxçıvan Muxtar Respublikasında 25 MVt gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsi üzrə “CEI Nakhchivan” MMC, həmçinin 25 MVt gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası layihəsi üzrə “Enerso” MMC ilə investisiya, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri imzaladıq. Ümumi investisiya dəyəri 60 milyon manatdan çox olan bu layihələr Naxçıvanın yaşıl enerji zonası kimi inkişafı istiqamətində özəl investisiyalar hesabına atılan mühüm addımdır”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, xüsusən də “yaşıl enerji” istehsalı üzrə hədəflər müəyyən olunub. Bu hədəflərə nail olunması üçün strateji addımlar atılmaqdadır. Bu çərçivədə yeni elektrik stansiyaların istismara verilməsi isə xüsusi önəm kəsb edir. Yeni stansiyaların istismara verilməsi ilə ölkənin elektrik enerjisi istehsalı artım dinamikası nümayiş etdirməkdədir. Belə ki, 2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kilovat saat (kVt•st), yəni 0,9% artaraq 28,657 milyard kVt•st olub.
Bu dövrdə istilik elektrik stansiyalarında (İES) 24,823 milyard kVt•st, su elektrik stansiyalarında (SES) 2,842 milyard kVt•st, digər mənbələr üzrə isə 991,6 milyon kVt•st, o cümlədən külək elektrik stansiyalarında 169,7 milyon kVt•st, günəş elektrik stansiyalarında 599,8 milyon kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 milyon kVt•st elektrik enerjisi istehsal edilib.
2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 milyon kVt•st artımla 769,5 milyon kVt•st elektrik enerjisi istehsal edilib.
2025-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25,592 milyard kVt•st (İES-lərdə 22,704 milyard kVt•st, SES-lərdə 2,827 milyard kVt•st, GES-lərdə 61,1 milyon kVt•st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27 milyon kVt•st, müstəqil elektrik stansiyaları üzrə isə 3,039 milyard kVt•st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 1,147 milyard kVt•st, idxalı isə 177,2 milyon kVt•st olub.
Əlavə edək ki, 2025-ci il ərzində “Azərenerji” ASC “Naxçıvan Enerji” MMC-nin istismar sahəsində olan elektrik stansiyalarında 507,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Belə ki, bu elektrik enerjisinin, 321,7 milyon kilovat-saatı və ya 63.4%-i istilik elektrik stansiyalarında, 125,1 milyon kilovat-saatı və ya 24.7%-i su elektrik stansiyalarında, 60,7 milyon kilovat-saatı və ya 11,9%-i günəş və külək-günəş hibrid elektrik stansiyalarında istehsal edilib elektrik şəbəkələrinə ötürülüb.
Naxçıvanda istehsal olunan ümumi elektrik enerjisinin 36.6%-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb.
Ümumilikdə, respublikada 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə ümumilikdə 8 giqavat gücə nail olunması gözlənilir.

