Bu ilin birinci rübündə Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 64,330 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 8,784 milyon ABŞ dolları və ya 15,8% artıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyadan yatırılan investisiyaların payı 4,2% təşkil edib.
Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk rübündə Rusiya iqtisadiyyatına 18,437 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 11,253 milyon ABŞ dolları və ya 2,6 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyaya həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 5,9% təşkil edib. Bununla da hesabat dövrü ərzində Azərbaycanın ən çox investisiya yatırım etdiyi ölkələrin sırasında Rusiya iqtisadiyyatı 5-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır.
Gundelik.az

