Gundelik.az Dünya Avropada ekstremal istilər qitədə quraqlığı daha da gücləndirir
Dünya Xəbərlər

Avropada ekstremal istilər qitədə quraqlığı daha da gücləndirir

İqlim böhranının təsiri ilə artan ekstremal istilər Avropa boyunca çaylarda, göllərdə və torpaqdakı rütubətin sürətlə buxarlanmasına səbəb olaraq qitədə quraqlığı daha da dərinləşdirir.

Dünya Hava Atributsiyası (WWA) alimlərinin araşdırmasına görə, rekord həddə çatan istilik dalğaları çaylardan göllərə, torpaqdan bitkilərə qədər geniş ərazilərdə su ehtiyatlarının azalmasına səbəb olub.

Araşdırmada bildirilib ki, yüksək temperatur nəticəsində yaranan bu vəziyyət qlobal istiləşmə səbəbindən Qərbi Avropada 80, Şərqi Avropada isə 40 dəfə daha ehtimallı hala gəlib. Fosil yanacaqlardan qaynaqlanan çirklənmənin torpağın qurumasına təsiri Qərbi Avropada 5, Şərqi Avropada isə 11 dəfə artıb.

Qeyd olunub ki, Qərbi Avropada ötən qış yağıntılı keçsə də, yay aylarında müşahidə olunan yüksək temperatur quraqlığın əsas səbəbinə çevrilib. İqlim böhranından əvvəl “orta səviyyəli” hesab edilən quraqlıq artıq “ekstremal” səviyyəyə çatıb.

Su məhdudiyyətləri və kənd təsərrüfatında itkilər artır

İyunun sonunadək olan dövrü əhatə edən təhlilə əsasən, quraqlıq su ehtiyatlarına və kənd təsərrüfatına ciddi mənfi təsir göstərir. Bir sıra ölkələrdə fövqəladə su istifadəsi məhdudiyyətləri tətbiq olunub, İngiltərənin cənubunda isə bağların şlanqla suvarılması qadağan edilib.

İspaniya və Fransada meşə yanğınlarının geniş yayıldığı, fermerlərin isə son illərin ən quru torpaq şəraiti ilə üzləşdiyi bildirilib. Avropa üzrə təxminən 9 milyon ton taxıl itkisi gözlənilir. Fransada son 50 ilin ən aşağı qarğıdalı məhsuldarlığının qeydə alınacağı proqnozlaşdırılır. Rumıniyada isə 1 milyondan çox hektar əkin sahəsi zərər görüb.

Çaylarda su səviyyəsinin azalması hidroelektrik enerji istehsalını aşağı salıb, eyni zamanda yük daşımalarında problemlər yaradıb. Niderlandda Reyn çayının su səviyyəsinin 1976-cı ilin yayında qeydə alınan tarixi minimumdan da aşağı düşdüyü bildirilib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vəziyyət ərzaq və enerji qiymətlərinin artmasına səbəb ola, xüsusilə aşağı gəlirli ailələrə ciddi təsir göstərə bilər.

İqlim böhranının təsirləri dərinləşir

Tədqiqatçılar insan fəaliyyəti nəticəsində yaranan iqlim böhranı ilə Avropadakı quraqlıq arasında əlaqənin getdikcə gücləndiyini vurğulayıblar.

ETH Sürix Universitetinin alimi Dr. Dominik Şumaxer bildirib ki, hələ yay başlamamış yaz aylarında torpaqda qeyri-adi quruma müşahidə olunub. Onun sözlərinə görə, artan temperatur atmosferin suya tələbatını artırır və bu da torpaq və su ehtiyatlarının daha sürətlə tükənməsinə səbəb olur. Şumaxer əlavə edib ki, 2026-cı ildə quraqlıq 2022-ci illə müqayisədə təxminən iki ay daha tez başlayıb.

London İmperial Kollecinin alimi Dr. Mariam Zəkəriyyə isə qeyd edib ki, hazırkı vəziyyət qlobal orta temperaturun 1,4 dərəcə artdığı şəraitdə baş verir. O bildirib ki, istixana qazı emissiyaları azaldılmasa, güclü buxarlanma və quraqlıq hadisələri gələcəkdə daha tez-tez müşahidə olunacaq.

BMT-nin İqlim Dəyişikliyi üzrə rəhbəri Saymon Stil də pisləşən quraqlıqların Yer kürəsinin təhlükəli dərəcədə isinməsinin açıq xəbərdarlığı olduğunu vurğulayaraq, bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsinin vacibliyini bildirib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version