Gundelik.az Mədəniyyət və cəmiyyət 20 il davam edən araşdırma: Bu vərdiş beyni kiçildir
Mədəniyyət və cəmiyyət Xəbərlər

20 il davam edən araşdırma: Bu vərdiş beyni kiçildir

ABŞ-də aparılan yeni araşdırma göstərib ki, orta yaş dövründə uzun müddət televizora baxan insanlarda təxminən 20 il sonra beyin quruluşunda nəzərəçarpacaq dəyişikliklər yarana bilər. Alimlər yaddaşla əlaqəli beyin nahiyələrinin kiçildiyini və beynin ağ maddəsində daha çox zədələnmə əlamətlərinin müşahidə edildiyini müəyyən ediblər. Üstəlik, riskin səbəbi təkcə uzun müddət oturmaq deyil, oturarkən hansı fəaliyyətlə məşğul olmağın da mühüm rol oynadığı bildirilib.

Araşdırmaya görə, orta yaşda saatlarla televizor qarşısında vaxt keçirmək gələcəkdə beyin sağlamlığına mənfi təsir göstərə bilər. Televizora tez-tez baxan insanların yaddaşla əlaqəli bəzi beyin nahiyələrinin həcminin daha kiçik olduğu, həmçinin beynin müxtəlif hissələri arasında məlumat ötürülməsini təmin edən ağ maddədə daha çox zədələnmə əlamətinin olduğu aşkar edilib.

Tədqiqatın müəllifləri bildirirlər ki, bu nəticələri yalnız hərəkətsiz həyat tərzi ilə izah etmək olmaz. Onların fikrincə, oturaraq keçirilən vaxt ərzində görülən fəaliyyətin növü də ən az oturma müddəti qədər əhəmiyyətlidir.

Təxminən 20 il izlənildilər

Cənubi Kaliforniya Universitetinin apardığı araşdırmada orta yaşı 53 olan təxminən 1700 yetkinin məlumatları təhlil edilib. İştirakçılardan asudə vaxtlarında nə qədər tez-tez televizora baxdıqları soruşulub. Təxminən 20 il sonra çəkilən MRT görüntüləri əsasında onların beyin quruluşu qiymətləndirilib.

Nəticələr göstərib ki, tez-tez televizora baxdıqlarını bildirən şəxslərdə yaddaşla əlaqəli beyin nahiyələrinin həcmi daha kiçik olub. Bundan əlavə, frontal və oksipital paylarda kiçilmə, ağ maddədə isə daha çox zədələnmə əlamətləri qeydə alınıb.

“Təkcə nə qədər oturduğumuz deyil”

Cənubi Kaliforniya Universitetinin Bioloji Elmlər və Antropologiya professoru Devid Rayxlen bildirib ki, indiyədək aparılan tədqiqatlar əsasən insanların nə qədər oturduğuna diqqət yetirirdi. Onun sözlərinə görə, yeni nəticələr oturarkən hansı fəaliyyətlə məşğul olmağın da nəzərə alınmasının vacibliyini göstərir.

Hər oturaq fəaliyyət eyni təsir göstərmir

Araşdırmanın diqqətçəkən nəticələrindən biri də odur ki, işi ilə əlaqədar uzun müddət masa arxasında çalışan insanlarda eyni beyin dəyişiklikləri müşahidə olunmayıb.

Alimlər hesab edirlər ki, problem həlli, diqqət və zehni fəaliyyət tələb edən masaüstü işlər passiv şəkildə televizora baxmaqdan fərqli olaraq beyinə başqa cür təsir göstərir. Başqa sözlə, kitab oxumaq, işləmək və ya zehni cəhətdən aktiv qalmaqla televizor qarşısında passiv vaxt keçirmək eyni nəticəni vermir.

Kişilərdə daha qabarıq müşahidə olunub

Araşdırmada televiziya izləmə vərdişi ilə əlaqəli beyin dəyişikliklərinin kişilərdə daha qabarıq olduğu qeyd edilib. Bununla belə, alimlər tədqiqatın müəyyən məhdudiyyətlərinin olduğunu da vurğulayıblar.

Belə ki, televiziya izləmə müddəti iştirakçıların öz bəyanlarına əsaslanıb və araşdırmanın əvvəlində onların beyin MRT görüntüləri olmadığı üçün nəticələr səbəb-nəticə əlaqəsini qəti şəkildə sübut etmir.

Mütəxəssislər buna baxmayaraq, xüsusilə orta yaş dövründə televizor qarşısında keçirilən vaxtın azaldılmasının və zehni fəallığı artıran vərdişlərə üstünlük verilməsinin beyin sağlamlığı üçün faydalı ola biləcəyini bildirirlər.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version