Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişə biləcəyindən narahatdır.
Gundelik.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Narahatlıq onun cümə günü Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə planlaşdırılan görüşdən sonra yaranan ehtimallarla bağlıdır.
Nəşr qeyd edir ki, avropalı diplomatlar Tramp administrasiyasının Ukrayna siyasətində son aylarda “dönüş” meyillərinin müşahidə olunduğunu bildiriblər. Eyni zamanda diplomatlar, mövqeyini əvvəllər də dəyişmiş ABŞ prezidentinin qərarlarını qabaqcadan qiymətləndirməməyə çalışırlar.
Məlumata görə, Tramp administrasiyası Rusiyanı danışıqlar masasına əyləşdirmək üçün təzyiqləri artırır. Ağ Evdəki mənbəyə istinadən qeyd olunur ki, ABŞ prezidentinin Ukraynanın ərazi iddialarını dəstəkləməsi onun Moskvaya qarşı açıq qəzəbini nümayiş etdirir.
Bloomberg-in məlumatına əsasən, Zelenski oktyabrın 17-də Trampla görüşdə Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, “Tomaqavk” raketlərinin mümkün tədarükü və digər məsələləri müzakirə etməyi planlaşdırır.
Bundan əvvəl Ukraynanın “Public” telekanalı xəbər vermişdi ki, Zelenski ABŞ səfəri çərçivəsində müdafiə və enerji şirkətlərinin nümayəndələri ilə qapalı görüşlər keçirəcək, həmçinin Konqresdə çıxış edəcək.
Rusiya isə Trampın “Zelenskinin isti başını soyutmağa” cəhd edə biləcəyini istisna etmir.
Gundelik.az
