Atlantik okeanında qasırğa mövsümünün başlamasından bu yana heç bir qasırğanın baş verməməsi son 60 ilin ən uzun qasırğasız dövrü kimi qeydə alınıb.
ABŞ mediasının hava mütəxəssislərinə istinadən yaydığı xəbərlərə görə, normalda iyunun 1-də başlayan qasırğa mövsümündə Atlantik okeanında qasırğaların aktivləşməsi gözlənilir. Lakin bu il indiyədək heç bir qasırğa qeydə alınmayıb. Meteoroloqlar bu vəziyyətin 1966-cı ildən bəri ən uzun qasırğasız dövr olduğunu bildirirlər.
El Nino əsas amillərdən biridir
Mütəxəssislərə görə, qasırğaların yaranmasına mane olan əsas amillərdən biri Sakit okeanda dəniz səthinin temperaturunun yüksəlməsi ilə əlaqəli El Ninodur. Bu hava hadisəsi Atlantik okeanında qasırğaların inkişafını çətinləşdirən güclü küləklərin yaranmasına səbəb ola bilər.
Bundan başqa, Afrikanın Sahara səhrasından gələn tozla müşayiət olunan quru hava da qasırğaların güclənməsi üçün lazım olan rütubətin azalmasına gətirib çıxarır.
Qasırğa mütəxəssisi Maykl Louri isə atmosferin bu il daha sabit olduğunu və bunun havanın şaquli hərəkətini məhdudlaşdıraraq qasırğaların yaranmasına mane olduğunu qeyd edib.
Mütəxəssislər Atlantik okeanında aşağı və yuxarı atmosfer təbəqələri arasındakı temperatur fərqinin 1940-cı ildən bəri ikinci ən aşağı səviyyədə olduğunu bildirirlər. Onların fikrincə, bu, qasırğaların mövsümün daha sonrakı dövrünə keçməsinə və daha güclü qasırğaların yaranmasına səbəb ola bilər.
ABŞ-da qasırğa mövsümü iyunun 1-dən noyabrın 30-dək davam edir. Son 175 ildə Atlantikdə qasırğa qeydə alınmayan yalnız 1907 və 1914-cü illər olub.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
