Avqust 23, 2026
Baku
Dünya Xəbərlər

Astronomlar yeni kosmik cisim kəşf edib: Qara dəlik “ulduzu”

James Webb Kosmik Teleskopunun məlumatlarını araşdıran beynəlxalq astronomlar qrupu kainatın erkən dövrünə aid görüntülərdə Günəş sistemi ölçüsündə və böyük enerji yayan yeni tipli kosmik obyekt aşkar edib.

Alimlərin “qara dəlik ulduzu” adlandırdığı obyekt milyardlarla işıq ili uzaqlıqda yerləşir və Böyük Partlayışdan təxminən 660 milyon il sonra formalaşıb.

Ulduza bənzəyən nəhəng enerji mənbəyi

Balina bürcü istiqamətində aşkar edilən kosmik obyekt görünüşcə nəhəng ulduzu xatırladır. Lakin onun yaydığı enerji miqdarı adi ulduzların göstəricilərindən dəfələrlə yüksəkdir.

Obyektin yaydığı nəhəng enerji ulduzlardan daha çox qara dəliklərin davranışına uyğun gəlir. Buna görə də astronomlar onu fərqli və indiyədək məlum olmayan kosmik quruluş kimi qiymətləndirirlər.

Alimlərin fikrincə, bu obyekt nüvə sintezi hesabına enerji yaradan ənənəvi ulduz deyil. Ətrafını sıx qaz buludları əhatə edən nəhəng qara dəlik həmin qazı özünə cəlb edərkən yaranan enerji səbəbindən uzaqdan ulduz kimi parlaq görünür.

Qalaktikaların təkamülünə yeni baxış

“Nature” jurnalında dərc olunan araşdırma kosmik görüntülərdə əvvəllər sirli hesab edilən digər qırmızı nöqtələrin də oxşar quruluşlara malik ola biləcəyini göstərir.

Mütəxəssislər hesab edirlər ki, belə obyektlər qalaktikaların təkamülündə mühüm rol oynaya və bu gün Süd Yolu da daxil olmaqla bir çox qalaktikanın mərkəzində yerləşən superkütləli qara dəliklərin yaranmasına başlanğıc verir.

Superkütləli qara dəliklərin qalaktikalardakı ulduz əmələgəlmə proseslərinə təsir göstərdiyi nəzərə alınarsa, bu kəşf kainatın ilk dövrlərində qalaktikaların və onların mərkəzlərindəki nəhəng qara dəliklərin necə formalaşdığına dair mövcud təsəvvürləri dəyişir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az