Qlobal temperaturun yüksəlməsi nəticəsində dünyada hər dəqiqə bir nəfər həyatını itirir.
Gundelik.az xəbər verir ki, bu barədə London Universitet Kolleci (UCL) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə hazırladığı “Lancet Countdown İqlim və Sağlamlıq Hesabatı 2025” məlumat verir.
Hesabatda bildirilir ki, fosil (qalıq) yanacaqların istifadəsi təkcə qlobal istiləşməni artırmır, həm də hava çirklənməsi, meşə yanğınları və dang qızdırması kimi xəstəliklərin yayılmasına səbəb olur.
UCL-dən Dr. Marina Romanello hesabatla bağlı açıqlamasında bildirib: “Bu sənəd bütün dünyada insan həyatını və dolanışıq vasitələrini məhv edən dağıdıcı mənzərəni açıq şəkildə göstərir. İqlim dəyişikliyinə qarşı tədbirlərin gecikməsi hər il milyonlarla lazımsız ölümə səbəb olur”.
İstiliklə bağlı ölüm halları 23 faiz artıb
Araşdırmaya əsasən, 1990-cı illərdən bəri istilik səbəbindən ölüm halları 23 faiz artıb. 2012–2021-ci illər arasında hər il orta hesabla 546 min insan həddindən artıq istilərdən dünyasını dəyişib. Bu, təxminən hər dəqiqəyə bir ölüm deməkdir.
Sidney Universitetinin professoru Ollie Cey qeyd edib ki, istilik stressi hər bir insan üçün təhlükəlidir:“İstilik hər kəsə təsir edə bilər və ölümlə nəticələnə bilər. İnsanların çoxu bunun qarşısının tamamilə alına biləcəyini dərk etmir”.
Qalıq yanacaqlara rekord həcmdə dəstək
Hesabatda vurğulanır ki, 2023-cü ildə hökumətlər qalıq yanacaq şirkətlərinə gündə 2,5 milyard dollar məbləğində birbaşa subsidiya ayırıblar. Həmin il yüksək temperatur səbəbindən kənd təsərrüfatı və tikinti sektorlarında məhsuldarlıq itkisi də eyni həcmdə iqtisadi zərərə səbəb olub.
Ümumilikdə, 2023-cü ildə dünya üzrə 956 milyard dollarlıq qalıq yanacaq dəstəyi göstərilib. Bu məbləğin 2024-cü ildə daha da artacağı, COP29 Sammitində iqlim dəyişikliyindən ən çox zərər çəkən ölkələrə vəd edilən yardım məbləğindən üç dəfə çox olacağı proqnozlaşdırılır.
Qida və dolanışıq böhranı dərinləşir
Quraqlıq və istilik dalğaları kənd təsərrüfatı məhsullarının və heyvandarlığın azalmasına gətirib çıxarıb. Nəticədə, 2023-cü ildə əlavə 123 milyon insan ərzaq təhlükəsizliyi problemi ilə üzləşib. 2024-cü ildə isə istilik və meşə yanğınları səbəbindən 154 min insan tüstü ilə bağlı səbəblərdən həyatını itirib.
“Sağlam gələcək üçün təmiz enerji şərtdir”
Dr. Romanello xəbərdarlıq edib ki, qalıq yanacaqların maliyyələşdirilməsi davam edərsə, sağlam gələcək mümkün olmayacaq: “Sağlam gələcək yalnız təmiz enerji, iqlimə uyğun şəhərlər və davamlı qidalanma vərdişləri ilə mümkündür. Ümid yerli icmaların və tibb işçilərinin reallıqlara cavab olaraq gördükləri tədbirlərdədir”.
Bu hesabat iqlim dəyişikliyinin artıq təkcə ekoloji deyil, həm də qlobal sağlamlıq böhranına çevrildiyini bir daha təsdiqləyir.
Gundelik.az
