Ankara Təhsil və Araşdırma Xəstəxanasının Endokrinologiya və Metabolik Xəstəliklər üzrə mütəxəssisi profofessor Mustafa Altay “arıqlama iynələri” kimi tanınan dərmanların yalnız həkim nəzarəti altında istifadəsinin vacibliyini bildirib.
Mütəxəssis vurğulayıb ki, bu dərmanlarla bağlı cəmiyyətdə ciddi informasiya çirklənməsi mövcuddur və onların reseptsiz istifadəsi sağlamlıq üçün təhlükəlidir.
Altayın sözlərinə görə, arıqlama iynələrindən istifadə etməzdən əvvəl mütləq endokrinoloq müayinəsi tələb olunur: “Bu dərmanlar yalnız mütəxəssis tərəfindən təyin edilməlidir. Əks halda, ciddi yan təsirlər yarana bilər. Arıqlama iynələri tip 2 diabetin müalicəsində və həyat tərzi dəyişikliklərinə baxmayaraq arıqlaya bilməyən piylənmə xəstələrində tətbiq edilir. Uyğun pasiyentlərdə effektiv nəticə almaq mümkündür, lakin bu, mütləq həkim nəzarəti altında olmalıdır”.
Prof. Altay piylənmənin bir xəstəlik olduğunu, bədən kütləsi indeksi (BKİ) 25-dən yuxarı olanların artıq çəkili, 30-dan yuxarı olanların isə obez sayıldığını qeyd edib.
O, həmçinin dərmandan istifadə üçün müəyyən sağlamlıq göstəricilərinin nəzərə alınmalı olduğunu bildirib: “Arıqlama iynəsindən istifadə edən şəxsin böyrəkləri və qaraciyəri sağlam olmalıdır. Əgər pasiyentdə ürək çatışmazlığı, keçmişdə pankreatit, ailəsində qalxanabənzər vəzi xərçəngi və ya endokrin sindromlar varsa, bu dərmanların istifadəsi təhlükəlidir”.
Altay insanların özbaşına bu dərmanlara müraciət etməsinin səhv olduğunu vurğulayıb: “Bəzi şəxslər ‘bir az kökəlmişəm, dərmanı alıb istifadə edərəm’ düşüncəsi ilə hərəkət edir. Bu, çox təhlükəlidir. Mədə, bağırsaq, öd kisəsi və mədəaltı vəzi ilə bağlı ciddi yan təsirlər yarana bilər. Xüsusilə uzunmüddətli insulin istifadə edən tip 2 diabet xəstələrində görmə ilə bağlı problemlər müşahidə edilə bilər”.
Mütəxəssis sosial mediada yayılan dezinformasiyalara da diqqət çəkib: “Bəzi məşhurların bu dərmanlardan istifadə etdiyinə dair şayiələr cəmiyyətdə yanlış təəssürat yaradıb. Nəticədə klinikalara ‘arıqlama iynəsi’ istəyi ilə müraciət edənlərin sayı artıb”.
Prof. Altay xəbərdarlıq edib ki, bəzi hallarda insulin qələmləri saxta şəkildə “arıqlama iynəsi” adı ilə satılır: “Bəzi insanlar arıqlamaq üçün iynə vurduğunu düşünür, amma saxta dərmanın tərkibində insulin ola bilər. Bu halda qan şəkəri normadan aşağı düşərək komaya, hətta ölümə səbəb ola bilər. Ürək çatışmazlığı və görmə problemləri də yarana bilər. Həmçinin allergik reaksiyalar mümkündür”.
Mütəxəssis bir daha xatırladıb ki, arıqlama iynələri yalnız həkim icazəsi və nəzarəti altında istifadə olunmalıdır, əks halda onların ciddi fəsadlara yol aça biləcəyi istisna deyil.
Gundelik.az
