Argentinada keçirilən parlament seçkilərində prezident Xavyer Mileinin rəhbərlik etdiyi hakim “La Libertad Avanza” (İrəli Azadlıq) partiyası qalib gəlib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, səslərin 96 faizi hesablandıqdan sonra ilkin nəticələr Mileinin partiyasının 39 faiz səs topladığını göstərir. Ən böyük rəqib olan peronist müxalifət partiyası “Fuerza Patria” (Vətən Gücü) isə 29,4 faiz səs əldə edib.
Hakim partiya paytaxt Buenos-Ayres, eləcə də Kordoba, Santa-Fe və Mendoza kimi mühüm əyalət və bölgələrdə qələbə qazanıb. Bu nəticə ilə “La Libertad Avanza” hökumətə islahat layihələrini həyata keçirmək və müxalifətin prezident fərmanlarını bloklamaq cəhdlərini neytrallaşdırmaq üçün mühüm üstünlük əldə edib.
Bununla belə, partiya Senatda səslərin üçdə birinə sahib olmaq üçün hələ kifayət qədər mandat qazana bilməyib. Seçici fəallığı isə 67,85 faiz təşkil edib ki, bu da Argentinanın 1983-cü ildə demokratiyaya qayıdışından bəri ən aşağı göstərici hesab olunur.
Buenos-Ayresdəki partiya qərargahında çıxış edən prezident Milei seçkiləri “tarixi gün” adlandıraraq bildirib: “Bu gün Argentina üçün dönüş nöqtəsidir. Növbəti iki ildə başladığımız islahatlar yolunda irəliləməyə davam edəcəyik. 10 dekabrdan etibarən ölkə tarixinin ən islahatçı Konqresinə sahib olacağıq”.
Milli KİV-in məlumatına görə, hakim partiyanın Nümayəndələr Palatasında əldə etdiyi üstünlük Milei-yə iqtisadi və sosial islahat proqramlarını daha rahat həyata keçirməyə imkan verəcək. Lakin Senatda çoxluğun olmaması bəzi qanun layihələrinin qəbulunu çətinləşdirə bilər.
Müşahidəçilər bildirirlər ki, ifrat sağçı ritorikası və radikal iqtisadi islahat vədləri ilə tanınan Mileinin siyasəti cəmiyyətdə həm güclü dəstək, həm də ciddi müxalifət doğurur.
Gundelik.az

