Argentinadakı bir sıra insan haqları təşkilatları İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəyə planlaşdırılan səfəri öncəsi məhkəməyə müraciət edərək ona qarşı cinayət işi qaldırıblar. Şikayətdə Netanyahu “soyqırım”, “müharibə cinayətləri” və “insanlığa qarşı cinayətlər”də ittiham olunur.
Gundelik.az xarici mətbuata istinadən verir ki, Plaza de Mayo Anaları – Qurucu Xətti, Sülh və Ədalət Xidməti (Serpaj), Siyasi olaraq itkin düşən və həbs olunanların ailələri, eləcə də Argentinalı İnsan Hüquqları Liqası Netanyahunun cinayətkar siyasət yürütməsini iddia edərək məhkəməyə müraciət ediblər.
Şikayətdə bildirilir ki, Netanyahunun 7–10 sentyabr tarixlərində Argentinaya səfəri zamanı bu siyasətin davam etdirilməsinə şərik olacağı, prezident Xavier Mileinin də bu siyasətə ortaq kimi görünəcəyi qeyd olunub. İnsan haqları müdafiəçiləri İsrail hökumətini fələstinlilərə qarşı sistemli məhvetmə siyasəti aparmaqda, onların yaşamaq və öz müqəddəratını təyinetmə hüquqlarını pozmaqda ittiham ediblər.
Müraciətdə həmçinin qeyd olunub ki, İsrailin Qəzzaya hücumları nəticəsində on minlərlə insan həlak olub, bir milyondan çox insan isə evlərindən didərgin düşüb. İsrailin tətbiq etdiyi blokada ərzaq və humanitar yardımların bölgəyə daxil olmasına maneə törədərək Qəzza zolağında ağır vəziyyət yaradıb.
Cinayət işinə Nobel Sülh Mükafatı laureatı Adolfo Peres Esquivel də daxil olmaqla bir çox insan haqları fəalları dəstək verib. Sonuncu dəfə avqustun 12-də Dövlət İşçiləri Assosiasiyası (ATE) ilə görüşən Şəxsiyyət və Ədalət Uğrunda Unutmağa və Sükuta Qarşı Uşaqlar (HIJOS) dərnəyi də Netanyahunun “müharibə cinayətləri” və “soyqırım”da məsuliyyət daşıdığını bildirərək onun həbs olunmasını tələb edib.
Gundelik.az

