İsveçdə 25 il ərzində aparılan genişmiqyaslı araşdırma göstərib ki, gündə 50 qramdan çox yağlı pendir istehlak edən insanlarda demans (əqli geriləmə) riski təxminən 13 faiz daha aşağı olur. Alimlər hesab edirlər ki, yüksək yağ tərkibli pendirlər beyin sağlamlığının qorunmasına kömək edir.
Təxminən 27 mindən çox yetkinin iştirak etdiyi və Lund Universiteti tərəfindən aparılan tədqiqatda bri, qouda, çedar və mozzarella kimi yağ tərkibi 20 faizdən yüksək olan pendirləri gündə 50 qramdan çox qəbul edən şəxslərin demans inkişaf etdirmə ehtimalının daha az olduğu müəyyən edilib.
Araşdırma həmçinin göstərib ki, eyni qoruyucu təsir az yağlı pendirlərdə, süd və ya qatıq kimi süd məhsullarında müşahidə olunmayıb. Bu isə yüksək yağlı pendirlərin tərkibində beyin sağlamlığı üçün faydalı ola biləcək xüsusi komponentlərin mövcudluğunu ehtimal etdirir.
Mütəxəssislər bildirirlər ki, dünyada milyonlarla insanın əziyyət çəkdiyi demans xəstəliyinin hələ də qəti müalicəsi yoxdur və 2050-ci ilə qədər xəstə sayının üç dəfə artacağı proqnozlaşdırılır. Buna görə də düzgün qidalanmanın xəstəliyin qarşısının alınmasında mühüm rol oynaya biləcəyi vurğulanır.
Bununla yanaşı, alimlər xəbərdarlıq edirlər ki, təkcə bir qidanı “möcüzəvi vasitə” hesab etmək düzgün deyil. Tədqiqat 25 ili əhatə etdiyindən iştirakçıların həyat tərzi və qidalanma vərdişlərində dəyişikliklər baş vermiş ola bilər. Buna görə də pendirlə beyin sağlamlığı arasındakı əlaqəni tam təsdiqləmək üçün əlavə elmi araşdırmalara ehtiyac var.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
