“Apple” yaxın zamanda M5 çipli yeni “MacBook Pro” modellərini istehsala çıxaracaq.
Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg” insayderi Mark Qurman məlumat yayıb.
Qurman qeyd edib ki, bu noutbuklar 2025-ci ilin sonu ilə 2026-cı ilin birinci rübünün sonu arasında satışa təqdim edilə bilər.
Ənənəvi olaraq “Apple” yeni Mac modellərini oktyabrda təqdim edir, lakin həm Qurman, həm də təchizat zənciri üzrə analitik Ming-Chi Kuo hesab edir ki, M5 çipli “MacBook Pro”lar yalnız 2026-cı ilin əvvəllərində satışa çıxacaq.
Qeyd edək ki, şirkət daha əvvəl M2 Pro və M2 Max çipləri olan “MacBook Pro”ları 2023-cü ilin yanvarında təqdim etmişdi.
Yeni noutbuklar 14 və 16 düymlük ölçülərdə olacaq və M5, M5 Pro və M5 Max çipləri ilə təchiz olunacaq. Əlavə əsas dəyişikliklər hələ açıqlanmayıb.
2026-cı ilin sonlarında “MacBook Pro” modellərində OLED displey, daha incə korpus və TSMC-nin 2nm prosesində istehsal olunmuş M6, M6 Pro və M6 Max çipləri kimi təkmilləşdirmələrin tətbiqi gözlənilir. Bundan əlavə, “Apple”ın noutbuklara mobil rabitə funksiyasını əlavə edə biləcəyi barədə də şayiələr var; OLED displeylə təchiz olunmuş “MacBook Pro” modellərində şirkətin “iPhone 16e”də istifadə etdiyi xüsusi modemə bənzər texnologiya ola bilər.
Gundelik.az
