“Apple Inc” süni intellekt (AI) texnologiyasına əsaslanan ev robotu üzərində işləyir.
Bu barədə Gundelik.az “Bloomberg”ə istinadən xəbər verir.
Məlumata görə, cihaz 7 düymlük ekran, robot qolu və kamera ilə təchiz olunacaq. O, istifadəçi ilə daim üz-üzə qalmaq üçün 360 dərəcə fırlanma imkanına sahib olacaq.
Şirkət robotu dizaynına görə “Pixar lampası” adlandırıb.
Qurğu xüsusi versiyalı Siri səsli köməkçisi ilə işləyəcək, istifadəçi ilə dialoqa girə biləcək, internetdən məlumat axtaracaq, məsləhətlər verəcək, təqvimdə tədbirlər planlaşdıracaq və ağıllı ev cihazlarını idarə edəcək. Robot həmçinin “FaceTime” zənglərini dəstəkləyəcək.
“Apple” ilk robotunu 2027-ci ildə təqdim etməyi planlaşdırır. Lakin layihə hələ prototip mərhələsindədir və texniki problemlərə görə buraxılış tarixi dəyişdirilə bilər.
Şirkət eyni zamanda təkərli və mexaniki əlli başqa bir robot modeli üzərində də işləyir. Fevral ayında “Apple” mühəndisləri cihazın imkanlarını nümayiş etdirmək üçün jestlərlə idarə olunan “robot lampa” prototipi hazırlayıb. Bu robot işıq mənbəyini istifadəçinin göstərdiyi istiqamətə yönəldə bilir.
Gundelik.az
